|
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə yola düşüb.
Bu barədə Axar.az-a QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.
Səfər BƏƏ Prezidentinin müşaviri Sultan Əl Rümeysinin rəsmi dəvəti ilə həyata keçirilir. A.Paşazadə fevralın 4-nə kimi Əbu Dabidə dünya dini liderləri, görkəmli dövlət, siyasət, elm xadimləri, nüfuzlu kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçiriləcək “İnsan Qardaşlığı Qlobal Forumu”nda iştirak edəcək.
Foruma Roma Papası Fransisk, Misirin Əl-Əzhər Əl-Şərif universitetinin şeyxi Əhməd Əl-Tayyib və digər dünya dini liderləri qatılacaqlar.
Forum çərçivəsində A.Paşazadənin mötəbər qonaqlarla görüşləri və çıxışı nəzərdə tutulur.
Əbu-Dabi Forumunda ekstremizmə qarşı mübarizə, xalqlar və dinlər arasında dialoqun təşviq olunması, mənəvi dəyərlərin qorunması, münaqişələrə və müharibələrə səbəb olan dini və etnik fanatizmin qarşısının alınması və s. məsələlər müzakirə olunacaq.