|
Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna səfər edib.
“Qafqazinfo” xəbər verir ki, Zurabişvilinin Zaqatala Beynəlxalq Hava Limanında Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.
Sonra ali qonaq və onu müşayiət edən nümayəndə heyəti Qax rayonuna yola düşüb.
Gürcüstan Prezidenti Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub. Salome Zurabişvili məktəbin sinif otaqlarını gəzib, müəllim və şagirdlərlə söhbət edib. Məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeirlər söyləyiblər.
Zurabişvili daha sonra Qax rayonunun Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib.
Prezident kilsədə şam yandırıb. Burada dini ayin icra olunub.
Zurabişvili, həmçinin Qax şəhərinin qədim tarixi hissəsi – “İçəribazar” tarix-mədəniyyət kompleksi ilə tanış olub.