|
"Mən heç vaxt özüm üçün xahiş etməmişəm. Bu gün də xahiş etməyəcəyəm. Ancaq nəzərinizə çatdırmaq istəyirəm ki, bu son illərdə bizə qoyulan qadağalara baxmayaraq, biz aktiv fəaliyyətimizi davam etdiririk. Bunun nəticəsi kimi, Leyla xanımın köməyi ilə biz Rusiyada çox böyük filmi təqdim etdik".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Əməkdar artist Tahir İmanov prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı deyib.
O bildirib ki, hazırda ikinci film üzərində işləyirlər:
"İkinci Dünya müharibəsi qəhrəmanı, milliyyətcə azərbaycanlı olan Əhmədiyyə Cəbrayılov haqqında film üzərində işləyirik. Daha dəqiq desəm, Rusiya Prodüserlər Gildiyasının prezidenti Renat Davletyarovun, həmçinin Rusiya Kino Fondu adlı bir qurum var, onların razılığını almışıq. Hörmətli səfirimiz Polad Bülbüloğlu bu barədə Rusiya Mədəniyyət Nazirliyinə də məktub yazıb, onlardan da müsbət cavab almışıq. Hətta Rusiyanın “Rossiya 1” kanalı bu filmin 4 seriyasında maraqlıdır ki, film orada da işıq üzü görsün. Bildiyiniz kimi, 2020-ci ildə bütün bəşəriyyət faşizm üzərində Qələbənin 75 illik yubileyini qeyd edəcək. O cümlədən də biz - Azərbaycan Respublikası. Ona görə Sizdən xahiş edirəm ki, bizə bu işdə yardımçı olasınız. Bir neçə biznesmenə, tanınmış iş adamlarına müraciət etmişik, amma hamı bir nəfər kimi deyir ki, qadağalarınız olmasaydı kömək edərdik. Sizdən xahiş edirik ki, bizə bu işdə yardımçı olasınız. Əgər imkan olarsa, başqa bir görüşdə biz bu barədə daha ətraflı məlumat verə bilərik. O cümlədən Sizdən teatrımızın aparıcı aktyorları Bəhram Bağırzadə və Cabir İmanov üçün fəxri ad xahiş edirəm. Çünki biz heç bir dövlət qurumunun balansında deyilik. Ona görə bu sistemi bilmirik, bu sistem necə həyata keçirilir, məktublar necə yazılır. Fürsətdən istifadə edib, Sizdən xahiş edirəm.
Sonuncu xahişim də odur ki, bu il mənim babam bəstəkar Süleyman Ələsgərovun 95 illiyi qeyd olundu. Doxsan illikdə də ailəmiz adından cəhd göstərib Sizə məktub yazdıq, amma bilirik ki, o məktublar çatmadı. Sağ olun ki, 80 illik yubileyində Siz onun adını əbədiləşdirdiniz, məktəbə ad verildi. İmkan varsa, Süleyman Ələsgərovun adına bir küçə də versəniz, biz çox şad olarıq".