|
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun oğlu, qızları və həyat yoldaşı Ali Məhkəməyə müraciət ediblər.
Axar.az xəbər verir ki, Akif Çovdarovun oğlu Ruslan Çovdarov, qızları Aidə Qasımova, Günay Əmircanova və yoldaşı İbadət Çovdarova kassasiya şikayəti veriblər.
Onlar əmlaklarının üzərindən həbsin götürülməsini istəyiblər.
Onların şikayətləri Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun icraatına verilib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmündən Ruslan Çovdarov, qızları Aidə Qasımova, Günay Əmircanova və yoldaşı İbadət Çovdarova apelyasiya şikayəti versələr də, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onların kasasiya şikayətləri təmin edilməyib.
Xatırladaq ki, bundan əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov barələrində olan məhkəmə qərarından kasasiya şikayəti veriblər.
Akif Çovdarov və digər vəzifəli şəxslərin kasasiya şikayəti Ali Məhkəməyə daxil olub.
Bundan əlavə cinayət işi üzrə zərərçəkmiş İlqar Aşurbəyov da Ali Məhkəməyə müraciət edib. İlqar Aşurbəyov mülki iddiasını təmin edilməsini istəyib.
Qeyd edək ki, İlqar Aşurbəyov 1988-2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
2004-cü ildə MTN-də polkovnik-leytenant rütbəsi ilə xidmətə davam edib. 2009-cu ilə kimi həmin nazirlikdə çalışıb. 2004-cü ilin sonlarında nazirliyin Əks-kəşfiyyat İdarəsinin aviasiya şöbəsinin 2-ci bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Həmin dövrdə struktur dəyişikliyi ilə əlaqədar 2008-ci ilin oktyabr ayında Aviasiya idarəsinin rəisi vəzifəsini icra etməyə başlayıb. Xidməti ərazisi isə Bakıda hava limanı olub. 2009-cu ildə sərəncama götürülüb.
İlqar Aşurbəyov sərəncama götürülməsini belə izah edib ki, Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov onun idarəsinə təyinat alıb və o, idarədə Çovdarovun kürəkəninə otaq vermədiyi üçün təzyiqlərə məruz qalıb. O deyib ki, Akif Çovdarov ona təzyiq edib və işdən çıxarılmasına nail olub.
İttiham aktına əsasən, İlqar Aşurbəyov Akif Çovdarova 300 min manat verib. Bu məbləğin 250 min manatını atası Əziz Aşurbəyov, qalan 50 minini isə qayınatası Əflatun Kərimovdan alıb.
Pul da iki dəfəyə verilib – birinci dəfə birbaşa Akif Çovdarovun özünə verib. İkinci dəfə isə Akif Çovdarovun köməkçisi Rövşən Ədilov vasitəsilə ona çatdırıb.
Yaxın günlərdə şikayətə baxılması barədə tarix məlum olacaq.
Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
Qərara əsasən, Akif Çovdarov və digərlərinin apelyasiya şikayəti təmin edilməyib.
Akif Çovdarov və onunla birlikdə mühakimə olunanlar Bakı Hərbi Məhkəməsinin hökmündən apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarıb. Həmçinin Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib.
Dövlət Təhlükəsizlik Xidmətinin 3 milyon manatlıq mülki iddiası, eləcə də cinayət işi üzrə tanınmış 60 nəfər zərərçəkmişin mülki iddiası təmin olunub. Məhkəmənin daha bir qərarı ilə 8-ci kilometr bazarı kimi tanınan ticarət müəssisəsi dövlət nəfinə müsadirə olunacaq.
Karvansaray epizodu üzrə iş adamı Qədir Ədilova qarşı cinayətin törədilməsi sübuta yetirilməyib. Həmin epizodlar üzrə cinayət işinə xitam verilib.
Akif Çovdarovun ailə üzvlərinin qaldığı evlər və onların adlarına olan mülklər müsadirə olunmayıb, həmin mülklərin üzərinə qoyulan həbs götürülüb.
Səlim Məmmədovun da ailə üzlərinin yaşadıqları evlərin üzərindən həbs götürülüb, təqaüd kartına qoyulmuş həbs qərarı ləğv edilib. İş üzrə 16 nəfər mənəvi zərərçəkmişin, eləcə də cinayət işində zərərçəkmiş qismində tanınan "Metropolitenin"nin sabiq rəsi və Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin rəisi Tağı Əhmədovun 3 milyon manatlıq mülki iddiası da təmin edilməyib.
Hökmə əsasən Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ittihamdan xaric edilib.
Hökmdə həmin maddələr üzrə Akif Çovdarov və digər şəxslərə həmin maddələr üzrə bəraət verilməsi və yaxud cinayət işinə xitam verilməsi qeyd edilməyib.
Sadəcə, hökm elan olunan zaman bu maddələr üzrə cəza təyin edilməyib.
Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var.