|
Uzun müddət Azərbaycana qarşı “bütün cəbhə boyu müharibə“ elan edən OCCRP müxtəlif problemləri öz diqqət mərkəzlərində saxlayaraq ümumi ab-havanı gərginləşdirir və həqiqətə uyğun olmayan məlumatlar yayır.
Bunu Axar.az-a Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin (OCCRP) ölkəmizə qarşı çirkli əməliyyatları barədə danışan politoloq Tofiq Abbasov deyib. O bildirib ki, müxtəlif tərkiblərdən ibarət olan bu cür təşkilatlar bir çox ölkələrdə açıq-aşkar bəlli problemli vəziyyətləri kənara qoyaraq məntiqə sığmayan mücərrəd istiqamətləri özləri üçün diqqət mərkəzinə çevirirlər:
“Məqsəd isə ilk növbədə bu və ya digər müəyyən ölkələrə qarşı qərəzli mövqelər formalaşdırmaqdır. Təəssüf ki, jurnalistlərin bir çox ölkələrdə belə bədnam dəst-xətti üzə çıxır və sonradan hədəfə alınan dövlət və cəmiyyətlərin heç də onların təsvir etdiyi kimi olmadığı bəlli olur. Sərhədsiz Jurnalistlər və Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi müxtəlif siyasi qrupların podratçılarıdır. Bu təşkilatlar beynəlxalq və nüfuzlu dövlətlərdə özlərinə himayədar və sponsor taparaq onların sifarişi ilə olmayan problemləri araşdırmağa başlayırlar. Bu bədnam praktika uzun müddətdir öz əksini tapıb və məlum olub ki, onlar vicdanla deyil, başqalarının sifarişi ilə oturub-dururlar. Həyata keçirdikləri fəaliyyət isə bir çox hallarda ictimai fikri yayındırmağa, müxtəlif ölkələrdə real problemli vəziyyəti kölgəyə salmaq, ağrımayan yerdə qan çıxarmaq və prosesləri siyasiləşdirərək özlərinə xal qazanmaqdır”.
Politoloqun sözlərinə görə, sözügedən təşkilatlar gərginlik ocaqları yaratmaqla özlərinin beynəlxalq nüfuzunu bərqərar etməyə çalışırlar:
“Əslində, belə məsələlərə qeyri-ciddi baxmaq düzgün deyil. Çünki onlar problemli vəziyyət yaradaraq, saxta imic stilində öz imkanlarını realizə edirlər. Bir çox hallarda sözügedən “jurnalistlər” ünvansız araşdırmaları ilə hədəfə aldıqları ökələrin obrazını qara boyalarla cızmağa cəhd edirlər. Bununla barşmaq olmaz və belə işlərə qol qoyanlar əməllərinə görə məsuliyyət daşımalı və cavab verməlidirlər”.