|
Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub.
"Qafqazinfo" xəbər verir ki, Mehriban Əliyevanı Fransanın Baş naziri Eduard Filip Matinyon sarayında qarşılayıb.
Daha sonra Birinci vitse-prezident ilə Fransanın Baş nazirinin təkbətək görüşü olub.
Görüşdən sonra Mehriban Əliyeva və Eduard Filipin iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirilib.
Azərbaycan ilə Fransa İnkişaf Agentliyi arasında “Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”nı maliyyə naziri Samir Şərifov və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan imzalayıblar.
“Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”ni Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild imzalayıblar.
“Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi”ni və “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə”ni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov və “Thales International” şirkətinin baş direktoru Rafael Eskinazi imzalayıblar.