|
Mədəniyyət naziri Əbülfəs Qarayev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz Osman əl-Tüveycri ilə görüşüb.
Kult.az xəbər verir ki, görüşdə Azərbaycanla İSESKO əlaqələri, həmçinin birgə əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılıb.
Nazir Əbülfəs Qarayev Azərbaycanla İSESKO arasında əlaqələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın səyləri nəticəsində davamlı olaraq inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, qeyd edib ki, “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” Mədəniyyət ili çərçivəsində 13-15 oktyabr 2009-cu il tarixində Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının, 2015-ci ilin 23-27 noyabr tarixində İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclasının keçirilməsi, 2018-ci il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar həyata keçirilən tədbirlər buna bariz nümunədir.
Nazir İSESKO-nun “Bakı Prosesi” və 2011-ci ildən etibarən təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının əsas tərəfdaşı olduğunu, cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İSESKO-nun 2 panel sessiyasının keçiriləcəyini bildirib.
Əbdüləziz Osman əl-Tüveycri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın Azərbaycan və İSESKO arasında əlaqələrin inkişafında müstəsna rolunu yüksək qiymətləndirdiyini bildirib və qeyd edib ki, cənab İlham Əliyevlə görüşü zamanı əməkdaşlığın vəziyyəti barədə dövlət başçısına məlumat verib.