|
Prezident İlham Əliyevin 16 mart tarixli Sərəncam ilə 431 nəfər məhkum əfv olundu. Bu gün dörd cəzaçəkmə müəssisəsində həmin insanlara buraxılış vərəqələri təqdim etdik. Onlar ikiqat bayram sevinci yaşadılar. Eyni zamanda, cəzaçəkmə müəssisələrinin yanında toplaşmış məhkumların ailə üzvlərinə, yaxınlarına və qohumlarına gözaydınlığı verdik.
Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Aydın Mirzəzadə qeyd edib ki, belə əfv Sərəncamları Prezident İlham Əliyev tərəfindən vaxtaşırı imzalanır. Son illərdə dövlətimizin başçısı 35 əfv Sərəncamı imzalayıb, beş mindən çox məhbus həbsdən azad edilib. Bu, böyük humanistlikdir. Heç bir ölkədə vətəndaşa belə humanistcəsinə yanaşılmır. Prezidentimiz həmin insanlara özlərini həyatda bir daha sınamaq imkanı verir. Onları öz ailələrinə, öz mühitinə qaytarır. Bu bir daha göstərir ki, hər bir vətəndaşın probleminin həlli, onların qayğıları ölkə rəhbərliyinin diqqətindədir.
Azadlığa çıxan məhbuslar Prezident İlham Əliyevə dərin minnətdarlarını bildirdilər. Dedilər ki, bir daha səhv etməyəcək, qanuna riayət edən nümunəvi vətəndaşlar olacaqlar. Azərbaycan xalqı üçün əziz olan Novruz bayramı ərəfəsində belə bir humanist addımın atılması və belə bir tədbirin keçirilməsi Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə təmin olunmasından, humanizm prinsiplərinə sadiqlikdən xəbər verir. Bunun qarantı dövlətimizin başçısıdır.
“Çıxarış vərəqələri təqdim edilən andan həmin məhbuslar cəzaçəkmə müəssisələrindən azad edildilər. Onlar tezliklə öz doğmalarının yanında olacaqlar. Bütün bu prosesə əvvəlcədən hazırlıq görülür. Dünən Prezidentin Sərəncamından dərhal sonra müvafiq sənədlər hazırlandı. Bu prosesdə təkcə penitensiar sistemin əməkdaşları deyil, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, tanınmış ziyalılar, mətbuat nümayəndələri iştirak edirlər. Bu məsələnin ictimailəşməsi dövlətin hər bir vətəndaşına diqqətlə yanaşmasını göstərir”, - deyə deputat bildirib.
Cəzaçəkmə müəssisələrində məhbuslar üçün lazımı şərait yaradıldığının şahidi olduğunu deyən Aydın Mirzəzadə vurğulayıb ki, son illərdə penitensiar sahədə qanunvericilik aktları liberallaşdırılıb, saxlanma şəraiti, qida rejimi, cəza çəkən şəxslərə qarşı rəftar yaxşılaşıb, onlara tibbi yardım göstərilir və islah olunma prosesində təkmilləşmə müşahidə olunur. Bu göstərir ki, vətəndaşlarımızın hüquqların qorunmasında bütün aspektlər nəzərə alınır, o cümlədən məhbuslar öz səhvlərini başa düşdükdə, cəmiyyət üçün artıq təhlükə törətmədikdə onlar həbsdən azad oluna bilərlər.