|
Nazirlər Kabineti görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında qərar qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın katibi Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri təyin edilib.
Komissiyanın üzvləri: Azərbaycan Respublikası müdafiə nazirinin Müavini, Azərbaycan Respublikası daxili işlər nazirinin Müavini, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini, Azərbaycan Respublikası təhsil nazirinin müavini, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, Azərbaycan Respublikası maliyyə nazirinin müavini, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan Respublikası Əmlak Məsələləri, Dövlət Komitəsi sədrinin müavini, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi, Xidmətinin rəisinin müavini, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin müavini, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin ediliblər.
Qərara əsasən dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün bu Qərarın 1-ci hissəsi ilə yaradılan Komissiyaya təqdim edilir. Bu Qərardan irəli gələn digər məsələlər “Azərbaycan Respublikası Nazirlər Kabinetinin işqaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanına əsasən həll edilir.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 1995-ci il 10 avqust tarixli 181 nömrəli qərarları ləğv edilib.