|
Vergilər Nazirliyi dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, vergitutma bazasının genişləndirilməsi, səmərəli vergi inzibatçılığının və vergi nəzarətinin həyata keçirilməsi, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələrək vergi uçotunun düzgün qurulması sahəsində fəaliyyətini davam etdirir. Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, 2019-cu ilin 1-ci rübündə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 1 milyard 672,9 milyon manat vergi səfərbər edilib, proqnoza 110,4% əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,5% və ya 236,4 milyon manat çox vəsait toplanıb.
Ödənilən vergilərin 30,9%-i neft-qaz sektorunun, 69,1%-i qeyri-neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı 18,3% təşkil edib.
Vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% artaraq 76,5%-ə çatıb. Qeyri-neft-qaz sektorunun özəl bölməsındən vergi ödəmələri 20,6% artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi 76,7%-ə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53%-ə yüksəlib.
2019-cu ilin I rübündə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 25.536 (3.270 hüquqi şəxs, 22.266 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 25,5% çoxdur. Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 52,2%-i regionların payına düşüb.
2019-cu ilin 1-ci rübünün yekunlarına görə, aksizli malların istehsalına və dövriyyələrinə nəzarətin artırılması hesabına alkoqollu içkilərin istehsalında dövriyyə 1,7 dəfə, tütün məmulatlarının istehsalında isə dövriyyə 7,4 dəfə artıb.
2019-cu ilin 1-ci rübündə vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 7,4 milyon manat məbləğin ödətdirilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
2019-cu ilin 1-ci rübündə açılmış yoxlamaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 86,9%, başa çatdırılmış yoxlamaların sayı isə 75,2% azalsa da, yoxlamalarla hesablanmış əlavə vəsaitin məbləği cəmi 3,7% azalıb. Bir yoxlamaya düşən dövriyyənin məbləği isə əvvəlki dövrlə müqayisədə 47.7% artıb.
2019-cu ilin 1-ci rübündə vergi borcu 14 milyon 624,0 min manat olan 1.858 sayda vergi ödəyicisi və vəzifəli şəxslərin məhkəmə qərarı əsasında ölkədən getmə hüququ məhdudlaşdırılıb ki, bunun nəticəsində də borcun 50%-dən çoxu dövlət büdcəsinə ödənilib.