|
Fiziki imkanları məhdud insanların metrodan təhlükəsiz və rahat istifadəsi üçün 10 nəfərdən ibarət işçi qrupu yaradılıb.
Bakı Metropolitenindən Axar.az-a verilən məlumata görə, bu məqsədlə yaradılan iki mobil işçi qrupu sifarişi qəbul etdikdən sonra sərnişini stansiyanın girişində qarşılayaraq, onu sifarişdə qeyd etdiyi stansiyanı tərk edənə qədər müşayiət edir. Hər sifarişin icrasını ən azı iki işçi yerinə yetirir.
Sifarişlərin verilməsi üçün əlil arabası ilə olan sərnişinlər metroya minməzdən öncə +994 50 268 00 65 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Həmçinin sifarişi internet resursları vasitəsilə vermək mümkündür. Xüsusi proqram təminatı "Google play market" elektron əlavələr proqram qovluğuna yüklənib (https://play.google.com/store/apps/details?id=az.besmobile.metro).
Sifariş ən azı 1, ən çoxu 24 saat əvvəldən verilməlidir. Zənglər və ya elektron sifarişlər Bakı Metropoliteninin qatar dispetçer mərkəzində qəbul edilərək mobil qrupun yerləşdiyi mərkəzə yönləndirilir. Hər bir sifarişə ediləcək dəyişiklik və ya onun ləğv edilməsi barədə məlumat eyni qayda ilə, ən azı, 20 dəqiqə əvvəl verilməlidir. Həm sifariş verən şəxslə əlaqə qurulması, həm də işçi qruplarının işinin tənzimlənməsi məqsədilə hər qrup mobil rabitə ilə təmin edilib.
Sərnişinlər üçün metropolitenin mobil qrupları 5 ehtiyat əlil arabası ilə təmin olunublar. Zərurət yarandıqda, ehtiyacı olan sərnişinlər metropoliten stansiyalarının hüdudlarında bu vasitədən faydalana bilərlər. Xüsusi mobil işçi qrupları yaradıldığından Bakı Metropoliteni QSC rəhbərliyi onların müşayiət xidmətindən istifadə edə biləcək sərnişinlərin kateqoriyasını genişləndirmək qərarına gəlib. Bu sıraya əsa və qoltuqaltı ağaclardan istifadə edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar və əl yükü olan hamilə qadınlar da daxil edilib.
Ancaq təhlükəsizliyin təmin edilməsi məqsədilə metroda sərnişin axınının xüsusi gur saatlarında (07:00-dan 09:30-dək və 17:30-dan 19:30-dək) sifarişlər üzrə daşınma həyata keçirilməyəcək.