|
10:41
Bərdə rayonunda yerləşən OBA marketlər şəbəkəsində bıçaqlanma hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə zamanı mağaza administratoru Ülfət Həsənov 4 bıçaq zərbəsi alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Hadisənin baş vermə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
OBA marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən açıqlamada qeyd olunub ki, hadisəni törədən Məmmədov Rahim bir gün öncədən OBA marketlər şəbəkəsinin Bərdə filialına müraciət edərək marketdə çalışan Yeganə Məmmədovanın işdən çıxarılmasını tələb edib:
“Bununla bağlı mağaza administratoru şirkət təlimatlarına uyğun şəkildə Rahim Məmmədova bu məsələlərin qanunvericiliklə tənzimləndiyini, işdən çıxarılmaq üçün heç bir əsas olmadığını izah edib. Eyni zamanda Yeganə Məmmədova Rahim Məmmədovun marketdən çıxmasını, işində ona problem yaratmamasını tələb edib. Rahim Məmmədov bir gün ərzində tələbi yerinə yetirilməyəcəyi təqdirdə problem yaranacağı ilə bağlı təhdid edib. Növbəti gün mağazaya gələn R.Məmmədov mağaza administratorunu təhqir edərək ona hücüm çəkib.
Şirkətimizə işə qəbul Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aparılır. İşdən azad edilmə qanunvericiliyin tələblərinə əsasən həyata keçirilir. Rahim Məmmədov OBA marketdə çalışan Yeganə Məmmədovanın uzaq qohumudur. OBA Marketlər Şəbəkəsi baş vermiş hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir. Hadisə nəticəsində xəsarət alan əməkdaşımız Ülfət Həsənova şəfa diləyirik”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Trend agentliyi Bərdə rayonunda yerləşən "Bərdə OBA market-7" mağazasının administratoru Həsənov Ülfət Rafiq oğlunun Mamedov Rəhim Elçin oğlu tərəfindən bıçaqlanması ilə bağlı məlumat yaymışdı. Bıçaqlanmaya səbəb kimi isə Ülfət Həsənovun həmin mağazada işləyən Məmmədova Yeganə Şakir qızına qarşı əxlaqsız hərəkət etməsi göstərilmişdi.