|
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin iyunun 24-dən 26-dək Azərbaycanda təşkil olunacaq BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdədir.
Qonaq iyunun 23-də “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və yeniliklər barədə ətraflı məlumat verib.
Bildirilib ki, bu günədək 30 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb, ”ASAN xidmət” BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Qonaq, həmçinin "ASAN könüllüləri", "ASAN radio", “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD”ın fəaliyyəti ilə də tanış olub.
Liu Zenmin Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığı və agentliyin bu əməkdaşlıqda xüsusi yer tutduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiridir.