|
Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.
Fonddan Axar.az-a verilən məlumata görə, ARDNF-in Müşahidə Şurasının qərarı ilə Azərbaycanın Baş Naziri Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.
İclasda ARDNF-in 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-in 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxılıb. Müşahidə Şurası tərəfindən ARDNF-in 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyi, 2018-ci il büdcəsinin icrası barədə Hesablama Palatasının rəyi, habelə ARDNF-in 2018-ci il büdcəsinin gəlirlərinin 17 614,1 mln manat, yaxud 115% səviyyəsində, büdcə xərclərinin isə 11 455,6 mln. manat və ya 99,8% səviyyəsində icra edildiyi nəzərə alınaraq, ARDNF-in 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim edilməsi qərara alınıb.
Müşahidə Şurası tərəfindən eyni zamanda ARDNF-in fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda ARDNF-in maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib və bu dəyişikliklərin Azərbaycan Prezidentinə təqdim edilməsi tövsiyə edilib.