|
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədir.
"Qafqazinfo" MN-ə istinadən xəbər verir ki, nazir bölmələrdən birinin şəxsi heyəti üçün inşa edilən yeni yaşayış kompleksinin açılışında iştirak edib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, tibb məntəqəsi, döyüş texnikası üçün saxlanc, avtopark, silah otağı, ideoloji otaq, məişət otağı, yeməkxana, hamam, əşya anbarı və digər xidməti otaqlara baxış keçirdikdən sonra şəxsi heyətlə birlikdə nahar edib.
Sonra Müdafiə naziri qoşunların təmas xəttinə yaxın kəndlərdən birində yaşayan aprel döyüşləri zamanı şəhid olmuş Orxan Həmidovun ailəsini ziyarət edib.
Şəhidin anası Tamilla xanım ailəsinə dövlət başçısı tərəfindən göstərilən diqqətə və Müdafiə naziri adından təqdim edilən hədiyyələrə görə təşəkkür edərək bildirib ki, hərbi qulluqçuların köməyi ilə oğlunun ailəsinin yaşadığı həyətə su çəkilərək “Orxan bulağı” inşa edilib.