|
Şəki rayonu üzrə İcra şöbəsi illərdir bir neçə nəfərin külli miqdarda pulunu alıb qaçan rayon sakini Elşən Nəbiyevin tapılması və onun aldatdığı şəxslərə pulu geri qaytarması üçün heç bir iş görmür.
Bu barədə Axar.az-a müraciət edən Kürdəmir rayon sakini Raqif Həsənov bildirib ki, E.Nəbiyev ona da oxşar şəkildə zərər vurub.
R.Həsənov qeyd edib ki, o, Bakı şəhərində "8-ci kilometr" adlanan bazarda içində yuyucu tozu və xırdavat məhsullar olan mağazasını tanıdığı firma işçisi Kərim adlı şəxsin vasitəsilə Elşən Nəbiyevə icarəyə verib:
“Elşən Nəbiyevlə tanış olub, mağazadakı malları hesablayaraq, 9160 manat məbləğində malı ona təhvil verdim. 28 mart 2018-ci ildə borcun etirafı haqqında müqavilə bağlayaraq, 30 aprel 2018-ci il tarixinədək qaytarmaq şərti ilə cavabdehə 9160 manat dəyərində yuyucu vasitələr və xırdavat məhsullarını notarial qaydada satdım. Elşən Nəbiyev imza da atdı ki, ayın sonu pulu ödəyəcək. Ancaq müddət başa çatandan sonra Elşən Nəbiyevi tapa bilmədim. Mağazadakı malların böyük hissəsini satıb, qalanını da götürərək aradan çıxdı. Mağazanın açarını belə bizə təhvil vermədi. Mən öz mağazamın qapısını polisin köməyi ilə açmışam”.
Zərərçəkən R.Həsənov deyib ki, 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, E.Nəbiyevi tapa bilmir:
“Məhkəmə qətnamə çıxarıb, iş hazırda icradadır. Ancaq heç bir nəticə yoxdur. İcra Elşən Nəbiyevi axtarıb tapa bilmir. Mən onun tapılması üçün polisə müraciət etmişəm. Bu insanın aldatdığı tək insan mən deyiləm. Çox təəssüf ki, bunu gec bildim. Elşən Nəbiyevin tezliklə tapılmasını və dəymiş zərərin ödənilməsini tələb edirəm”.
Məsələ ilə bağlı Şəki rayon İcra şöbəsindən Axar.az-a bildirilib ki, Elşən Qurbanəli oğlu Nəbiyevlə bağlı məhkəmə qərarı tək bununla bağlı deyil:
“Uzun müddətdir ki, həmin şəxs axtarılır, tapılmadığı üçün də tədbir görmək mümkün olmur. Polis onu tapdıqdan sonra zəruri tədbirlər görüləcək. E.Nəbiyevin ölkədən çıxışına qadağa qoyulub və o, heç bir halda ölkədən çıxa bilməz”.
Xatırladaq ki. E.Nəbiyev Xocavənd rayon sakini Elvin Knyaz oğlu Quliyevdən 7 il öncə 6500 manat dəyərində avtomobili 1500 manat ödəyərək satın alıb. İki şəxs arasında borcun ödənilməsi ilə bağlı sənəd də imzalanıb. Lakin üzərindən 7 il keçməsinə baxmayaraq, nə E.Nəbiyev E.Quliyevə pulu ödəyir, nə də Şəki rayonu üzrə İcra şöbəsi məhkəmənin həmin şəxslə bağlı çıxardığı qətnaməni icra edir.