|
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şirvan şəhərində silahlı şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, daxil olan məlumat əsasında Şirvan şəhər sakini Nadir Babayev saxlanılıb. Onun əlindəki idman çantasına baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Baş İdarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər sakiniAmid Abdullayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.
Qeyd edilən hər 2 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb.
Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.