|
Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunda yenidənqurma işləri həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 km-dir. Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir.
Uzun müddət təmir olunmadan istismarı və təbii faktorların təsiri nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmişdi. Layihəyə uyğun olaraq, yolun 36 km-i asfalt-beton, 10 km-i isə çınqıl örtüklü olmaqla yenidən qurulur.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhə, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.