|
Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən 2019-cu ilin sentyabr ayının 15-dən oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsinə start verilmişdir.
Sözügedən tədbirlə əlaqədar olaraq, kütləvi informasiya vasitələrində elan və məlumat xarakterli materiallar yayımlanmış, dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən xidməti ərazidə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılmış, onların baş verməsinə səbəb olan amillərin aradan qaldırılması, bu sahədə profilaktik və maarifləndirmə tədbirlərinin daha gücləndirilməsi istiqamətində əməli addımlar atılmışdır.
Belə ki, respublikanın təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraiti müayinə olunmuş, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, eləcə də silinmiş və ya ümumiyyətlə mövcud olmayan nişanlanma xətlərinin çəkilməsi təmin edilmişdir.
Təhsil işçiləri, valideynlər, ictimai qurumların nümayəndələri də cəlb edilməklə ümumi təhsil müəssisələrində təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin keçirilməsi isə təhlükəsizlik aylığının əsas leytmotivini təşkil etmişdir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aidiyyətli qurumlarının bilavasitə iştirakçılığı ilə baş tutan belə görüşlər zamanı innovativ üsul və vasitələrdən istifadə etməklə təhsilalanlara mövzu ilə bağlı geniş məlumatlar verilmiş, maraqlı diskusiyalar, viktorinalar təşkil olunmuş, fəallıqları ilə fərqlənən məktəblilərə hədiyyələr təqdim edilmişdir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə Abşeron rayonu, Masazır kənd 5 nömrəli tam orta məktəbdə keçirilən növbəti görüş isə "Diqqət uşaqlar!" adlı təhlükəsizlik aylığının başa çatmasına həsr olunmuşdur.
Məktəb rəhbərliyinin, eləcə də Abşeron rayon Təhsil Şöbəsinin nümayəndəsinin iştirakçılığı ilə keçirilən tədbirdə çıxış edən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev, "Diqqət uşaqlar!" adlı təhlükəsizlik aylığının keçirilməsinin əhəmiyyətindən danışmış, təşkilati-hüquqi və ələlxüsus maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən bu tip tədbirlərin uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mühüm töhfələr verdiyini qeyd etmişdir.
Şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı məktəblərdə öyrəndikləri biliklərin, yiyələndikləri vərdişlərin hər zaman onların köməyinə çataçağına əmin olduğunu xüsusilə vurğulayan M.Ağayev, ölkəmizdə həyata keçirilən yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq bu sahədə daha səmərəli və innovativ tədbirlərin tətbiqi ilə bağlı DİN-in Baş DYP İdarəsi tərəfindən zəruri addımlar atıldığını da tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Natiqlərlə maraqlı diskusiya şəraitində keçən görüşdə şagirdlərin sualları cavablandırılmış, onların yol hərəkəti qaydaları və yol nişanları ilə bağlı bilikləri yoxlanılmışdır.