Xalqımızın milli-etnik kimliyinin əsas göstəricilərindən biri də il dəyişməsi ilə müşayiət olunan Novruz bayramıdır. Bu bayram xalqımızın milli ruhunun, yaşamının təcəssümüdür.

Ölkə.Az Novruz bayramı ilə bağlı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin qeydlərini təqdim edir.

Bir xalqı, bir milləti mənən məhv etməyin bir yolu da onun bayramlarına edilən təcavüzdür. Xalqımızın XIX əsrdəki Türkmənçay tarixi faciəsindən sonra imperiya ideoloqları müxtəlif yollarla Novruzu milli yaddaşdan silib ilhaq etdikləri ərazilərdə yeni-yeni bayramları dəbə mindirməyə böyük ciddi-cəhd göstərirdilər. Təəssüf ki, bu ənənə sovet dövründə də davam etdirildi. Novruzun milli bayram kimi keçirilməsi üzərinə daha ciddi qadağalar qoyuldu, o, dini bayram hesab edilərək dövlət tərəfindən gözdən salındı. Ötən əsrin 60-cı illərindən ölkədə milli özünüdərkə böyük qayıdış başladığı zaman qadağalar da yavaş-yavaş səngidi. İnzibati-idarə aparatının yüksək vəzifələrinə milli kadrlar gəldikcə onlar fürsət düşdükcə milli dəyərlərin dirçəldilməsinə öz dəstəklərini verməyə başladılar. 1966-cı ilin əvvəllərində dövlət əhəmiyyətli yüksək vəzifəyə yenicə irəli çəkilən Ulu Öndər Heydər Əliyev yaranmış vəziyyətdən istifadə edərək Novruz bayramının Bakıda təntənəli şəkildə keçirilməsinə öz ilk töhfəsini verə bildi. Bu vaxt belə bir şərait yaranmışdı: keçmiş SSRİ ilə Türkiyə arasındakı münasibətlərdə bir istiləşmə başlamışdı. Ölkənin Baş naziri A.Kosıginin Türkiyəyə rəsmi səfəri planlaşdırılmışdı. Bu münasibətlərin yaxşılaşdırılmasına böyük önəm verən dövlət ideoloqları türkdilli sovet respublikalarının birində türklərlə çox səmimi münasibətlərin mövcud olduğunu nümayiş etdirmək üçün Novruz bayramını təntənəli şəkildə təşkil etməyi planlaşdırmışdılar. Səfərin hazırlıq mərhələsində Türkiyə Respublikasının Prezidenti və Baş nazirinin də Sovetlər ölkəsinə səfəri gündəmə gəldi. Özbəkistanda qeyd edilməsi nəzərdə tutulmuş Novruz bayramının Bakıda keçirilməsi qərarlaşdırıldı. Bu təklifə Türkiyə tərəfi böyük dəstək versə də, onun reallaşması Azərbaycan rəhbərliyinin, xüsusən tədbirin keçirilməsinin tam təhlükəsizliyinə təminat verən Heydər Əliyevin böyük səyi nəticəsində mümkün oldu. Az sonra Azərbaycanda, xüsusən Bakıda Novruz bayramının keçirilməsinə böyük hazırlıq işləri başladı. Hazırlıq işlərinə və bayramın keçirilməsinə rəhbərlik xalqımızın görkəmli ziyalısı və Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi Şıxəli Qurbanova tapşırıldı. “Bahar bayramı” adlı ilə keçirilən Novruz bir çox məhrumiyyətlərə məruz qalsa da, o il Azərbaycanda təntənəli şəkildə qeyd edildi. Bu da o vaxt SSRİ Ali Soveti Rəyasəti Heyətinin sədri işləyən A.Mikoyanın və onun əlaltılarının böyük qəzəbinə səbəb oldu. Erməni separatçılarının liderləri Levon Şaumyan, Mariyetta Şaginyan, Sero Xanzadyan və onlarla başqalarının imzası ilə Kremlə məktublar axını başladı. Bu məktublarda sovet rəhbərlərinə Azərbaycanda dini bayramın bərpa edilməsi və bu ad altında geniş antisovet kampaniya aparılması barədə böhtanlar başlıca yer tutur, Azərbaycan rəhbərliyinin cəzalandırılması tələb edilirdi. Doğrudur, bayramın qadağası ilə bağlı Moskva rəsmi sənəd imzalamadı, ancaq Novruzun adının çəkilməsi yenidən yasaqlandı, bu barədə təbliğat və tədqiqat işləri üzərinə yenidən ciddi senzura nəzarəti qoyuldu. Azərbaycanda Novruzun bayram edilməsi yenidən qapandı. Novruz üzərindən qadağaların götürülməsindən xeyli sonra daha bir təşəbbüs edildi. Akademik Mirzə İbrahimovun yazdığı kimi, “Azərbaycan Kommunist Partiyasının 1988-ci ilin noyabrında bu bayram üzərindəki qadağaları silib atmasını xalq böyük fərəh və ruh yüksəkliyi ilə qarşıladı...”. (bax: Novruz, toplu, Bakı, Yazıçı, 1989). Ancaq bu qərar kağız üzərində qaldı. Novruzun yenə ümumxalq bayramı kimi dövlət səviyyəsində qeyd edilməsi baş tutmadı. Bir toplu nəşr edilməklə, bir neçə məqalə yazılmaqla iş bitmiş hesab edildi. 1990-cı ildəki Qanlı Yanvar hadisələri zamanı hökumət “matəm günlərində” bayram keçirmək olmaz” deyərək, Novruzun üzərinə yeni yasaqlar qoydu. Ancaq mart günlərində akademik Fuad Qasımzadə Dövlət Televiziyasında, – “Xalqı yasda saxlamaq olmaz, Novruz xalqı daha sıx birləşdirər”, – deyərək bayram nəşrləri üzərinə qoyulmuş qadağaları ləğv etməyə çağırdı, ilk dəfə olaraq televiziya efirində “İlaxır çərşənbələr” barədə silsilə verilişlərlə çıxış edib xalqı öz milli dəyərlərini qoruyub saxlamağa çağırdı.

1992-ci ildə bayramın tarixini, adət-ənənələrini əks etdirən “Novruz bayramı” adlı yeni suvenir əsər çap edildi (bax: Novruz bayramı, Bakı, “Yazıçı” nəşriyyatı, 1992). Ölkəmizdə xalqın böyük ruh yüksəkliyi ilə öz milli dəyərlərini yaddaşa qaytarmasının yeni mərhələsi başladı.

Fərəhli haldır ki, cəmiyyətimiz dədə-babadan miras qalmış Novruz əxlaqi dəyərlərini bu gün də yaşadaraq inkişaf etdirməkdədir. 1993-cü ildə Novruz bayramı Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə ümumxalq bayramı elan edildi, onun üzərindən bütün qadağalar birdəfəlik götürüldü, xalq Novruzu hər yerdə özünün böyük milli bayramı kimi kütləvi şənliklərlə qeyd etməyə başladı.

Təbii ki, yüzilliklər ərzində böyük Novruz heç də həmişə birmənalı münasibətlə üzləşməyib. Onu qəbul edən tayfaların bir sıra yaz mərasimlərinin və regional bayramlarının Novruzla çarpazlaşma prosesi də baş verib, müəyyən tayfalar içərisində bayram özünün folklorlaşma həyatını da yaşayıb. Türk tayfaları içərisində isə bu proses nisbətən daha güclü olub. Ayrı-ayrı tayfaların bir sıra kiçik, xırda İlaxır, İlbaşı mərasimləri Novruzla çarpazlaşmış, müxtəlif soylar içərisində isə onlar bəzən öz əski qəliblərini də qoruyub saxlaya bilmişdir. İslamı qəbul etməmiş qaqauzlar, tuvinlər, xakaslar və başqa tayfa və soylar içərisində isə belə folklorlaşma daha rəngarəng olmuşdur. Folklorlaşma bayramın bir sıra mərasimləri kimi hətta onun dörd müqəddəs çərşənbəsinin sıra düzümündən və adlarının təhrifindən də yan keçməmişdir.

Bayramı tam formatda keçirməyə imkanı olmayan, oturaq həyata qismən gec keçmiş, eləcə də Azərbaycan ərazisinə sonralar gəlmiş bir sıra tayfalar – tərəkəmələr, padarlar, azsaylı qonşu soylar içərisində daha fəal baş vermiş bu folklorlaşma nəticəsində otuz günlük Boz ay içərisində hər biri yeddi gündən ibarət dörd çərşənbənin sayı yeddiyə, bəzən də doqquza çatdırılmış, yaxud onların yalançı çərşənbə, kül çərşənbə, qara, ölülər çərşənbəsi və sair kimi məhəlli adlarla əlaqələndirilməsinə təşəbbüslər edilmişdir. Bununla da Novruzu söykəndiyi dörd bəşəri kökdən - çərşənbələrdən məhrum edərək bayramı bayağılaşdırmağa, onu dünyanın yaz bayramları silsiləsindən ayırıb kiçiltməyə, ona İlaxır, İlbaşı kimi adlar verməklə Novruzu bir ulusda, soyda, obada keçirilən məhəlli bayram səviyyəsinə endirməyə cəhdlər göstərmişlər. Təəssüf ki, Novruzu təhrif edən belə yabançı hallara bu günün özündə də bir sıra mətbuat səhifələrində, radio və televiziya efirlərində, üzdəniraq kitab səhifələrində təsadüf olunur.

Novruz bayramına qoyulan qadağalar tarixin müxtəlif dövrlərində xalqımıza qarşı aparılan siyasi-ideoloji zorakılıqlar idi. Belə ki, xalqın milli bayramına yasaq qoyulması, əslində, xalqın milli heysiyyətinə, milli şüuruna qarşı aparılan siyasi düşmənçilik demək idi. Novruz bayramına vurulan zərbələr isə həm bu cür vasitələrlə xarici düşmənlərimizdən gəlib, həm də bilərəkdən və ya bilməzlikdən daxilimizdən baş alıb gəlib. Bunun da bir sıra səbəbləri olub. Novruz astronomik səciyyə daşıyan və tarixi bəşəriyyətin yaşı ilə ölçülmüş bir bayramdır. Novruz təbiət bayramı olsa da, bununla məhdudlaşmır, Novruz təbiətə həm də şüurlu baxışın formalaşdığı dövrlərin məhsuludur. Yəni, sadəcə, bahar fəslinin gəlişi yox, həm də bahar obrazlı mifik, poetik və fəlsəfi baxışların məcmusu kimi meydana çıxan mərasim aktıdır. Novruz bayramı özlüyündə bir mərasim kompleksidir. Novruz yaradılışla bağlıdır və bunun əsasında dörd ünsür dayanır - su, od, torpaq və hava. Bu dörd ünsür birləşib komponent təşkil edir, Novruzu, belə demək olarsa, dünyaya gətirir. Yeni günün, yeni həyatın yaranması üçün bu dörd ünsürün olması əsas şərtdir.

29 Aprel 2024 Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
25 Aprel 2024 Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
18 Aprel 2024 İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
29 Mart 2024 “Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
27 Mart 2024 "Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
22 Mart 2024 Əhali ət yeməyi azaldıb - Yumurtaya üstünlük verir
11 Mart 2024 İmsak və iftarda bu səhvləri etməyin - 18 vacib tövsiyə
09 Mart 2024 “Waze” naviqator proqramı sürücüləri aldadır? - VİDEO
06 Mart 2024 “Ölüm marketləri” - insanlığı yavaş-yavaş öldürəcək – ALİMLƏR
06 Fevral 2024 ABŞ və Rusiyada qripi necə müalicə edirlər - Təcili yardım pulludur?
06 Yanvar 2024 Yeni ildə davam edən köhnə hadisələr...
24 Oktyabr 2023 Laçınlı aillənin bu fotosu maraq doğurdu - 30 ildən sonra...
19 Oktyabr 2023 Bu dəfə "!" işarəsi şifrə kimi diqqət çəkdi: maraqlı detal - FOTO
14 Oktyabr 2023 Dünyanın ölüm səviyyəsi yüksək olan ölkələri
18 İyul 2023 “Simpsonlar”dan daha bir qorxulu proqnoz - VİDEO
11 İyul 2023 Sosial şəbəkələrin sahibi öz uşaqlarının üzünə niyə smaylik qoyub paylaşır?
21 İyun 2023 İsti yay günlərində hansı qidalardan uzaq durmalıyıq? – SİYAHI
16 İyun 2023 Fotosu ilə gündəm olan məzun danışdı: "Uşaqlıqda həkim olmaq istəyirdim..." - VİDEO
01 İyun 2023 Əti kələmə büküb yeyin – Xərçəngə qarşıdır
24 Fevral 2023 Bu telefonlarda “WhatsApp” işləməyəcək - Martın 1-dən (SİYAHI)

Xəbər lenti