Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsində keçirilən beynəlxalq tədbirlər davam edir. Aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmenti də bu tədbirlərdən biri oldu. Ölkə Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Olaf Şoltsun dəvətilə həmin tədbirdə iştirak edib”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat bildirib ki, 2023-cü ilin dekabr ayının 11-də keçirilmiş COP28-in plenar iclasında növbəti Tərəflər Konfransının Azərbaycanda keçirilməsinə dair yekdil qərar qəbul edildikdən dərhal sonra dünya mediasının bəzi təmsilçiləri və müəyyən QHT-lər Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin ölkə olaraq COP29-a ev sahibliyi etməsinin məqsədəuyğunluğunu şübhə altına almaq üçün səylər göstərməyə başladılar. “Lakin Prezident İlham Əliyev öz çıxışlarında bu məsələyə dair sağlam düşüncəyə və real məntiqə əsaslanan konkret dəlillər ortaya qoyaraq məhz qazıntı yanacağı ilə zəngin ölkələrin yaşıl enerjiyə keçid və qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə məsələlərində öndə getmələrinin zəruri olduğunu diqqət mərkəzinə çəkə bildi. Bu məsələ dövlət başçımızın “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində etdiyi çıxışında da öz əksini tapıb. Cənab Prezident bir daha vurğulayıb ki, faydalı qazıntı ilə zəngin olan ölkələr, ilk növbədə, həmin ehtiyatları ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutulan hədəflərə yönəltmələrinə görə dəyərləndirilməlidirlər. Digər tərəfdən, zəngin neft və qaz ehtiyatları olan ölkənin eyni zamanda yaşıl enerji istehsalı ilə bağlı məsələlərdə önə keçməsi təzadların sintezi effektini verərək əlverişli həmrəylik mühiti yarada bilər. Nəzərdən qaçırılması yol verilməz olan daha bir məsələ Avropanın özündə təbii qaza olan tələbatın getdikcə artması ilə bağlıdır. Azərbaycanın nefti və qazı Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ölkəmizdə qaz ixracı 20 milyard kubmetrə çatmalıdır. Əlbəttə ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür.”

K.Qafarov deyib ki, Prezident İlham Əliyevin aprelin 26-da Berlində mətbuata bəyanatında əks olunmuş ən vacib məqamlardan biri də regional təhlükəsizlik və sülh məsələləri ilə bağlı olub: “Dövlət başçımız qəti və birmənalı şəkildə bildirdi ki, hazırda Ermənistanla davam etdirilən sülh danışıqlarını Azərbaycan yüksək qiymətləndirir. Artıq Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesinə başlanması, 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndinin geri qaytarılması, Azərbaycanda yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin də artıq öz fəaliyyətini dayandırması – bütün bunlar sülhə doğru atılan önəmli addımlardır. Bir vacib məqam da nəzərə alınmalıdır ki, ölkəmiz COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürərkən Ermənistan və Bolqarıstan da öz namizədliklərini vermişdilər. Lakin aparılan danışıqların nəticəsi olaraq əvvəlcə Ermənistan və ondan sonra da Bolqarıstan Azərbaycanın xeyrinə öz namizədliklərini geri çəkdilər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var və Azərbaycan bu işdə səmimi köməklik göstərmək istəyən ölkələrlə əməkdaşlığa daim hazırdır”.
Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”
“Bu gün Azərbaycanın dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də Qırğızıstan Respublikasıdır. Aprelin 24-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu deməyə əsas verir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, hər iki ölkənin Prezidentlərinin mətbuata verdikləri bəyanatda Azərbaycan və Qırğızıstanın dost və qardaş dövlətlər olduğu xüsusi vurğulandı. “Dövlət başçıları həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşdə ölkələr arasında münasibətlərin intensivləşdirmək əzmində olduqlarını bildirdilər. Bu isə o deməkdir ki, bu gün Azərbaycan-Qırğızıstan münasibətləri həqiqətən də artıq keyfiyyətcə tamamilə yeni bir səviyyəyə çatıb. İki ölkə arasında imzalanmış mühüm sənədlər, xüsusilə “Azərbaycan Respublikası və Qırğızstan Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı” və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi” Azərbaycan və Qırğızıstan münasibətlərinin həqiqətən də yeni, daha yüksək mərhələyə yüksəldiyini deməyə tam əsas verir. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq göstərdi ki, bu gün hər iki ölkənin energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropa marşrutu isə təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli olmalıdır. Bütün bunlar Azərbaycan – Qırğızıstan əməkdaşlıq əlaqələrinə böyük perspektivlər vəd edir.”

K.Qafarov daha sonra ölkələrimiz arasında mədəni əlaqələrin əhəmiyyətindən bəhs edərək deyib: “Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətlərində mədəni əlaqələr xüsusi yer tutur. Bu günlərdə Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri də bunu bir daha nümayiş etdirdi. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı da böyük mədəni hadisədir. Abidənin açılışında çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, Çingiz Aytmatov dünya şöhrətli yazıçı, qırğız xalqının həyatı boyu Sovet İttifaqı məkanında, eləcə də dünya miqyasında ölkəsini layiqincə təmsil etmiş böyük oğludur. O, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır. Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir”

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

Taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması avtomobil bazarında ucuzlaşmaya səbəb olub.

Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Qeyd edilib ki, mart ayında avtomobil bazarında qiymət azalmaları müşahidə olunub. Bu, əvvəlki dövrdə taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması ilə bağlıdır.

Belə ki, dəyəri 10 min manatadək olan avtomobillərin qiyməti mart ayında 7.6 faiz azalıb. Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiymətində 0.5 faiz artım qeydə alınıb.

Qeyd edək ki, Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.

Xatırladaq ki, Trend bir müddət əvvəl sözügedən qərardan sonra Azərbaycanda bir sıra maşınların satışının kəskin artması, qiymətinin isə ucuzlaşması barədə xəbər vermişdir.

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə (140 nəfər) köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 783 ailənin, yəni 2 979 nəfərin daimi məskunlaşması təmin ediləcək.

Kamaləddin Qafarov: “Azərbaycan COP29-u  Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”
“Cari ilin noyabr ayında Azərbaycanda növbəti dəfə dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq tədbirlərindən biri keçiriləcək. 2023-cü ilin dekabrında Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək ölkə seçilmişdir. Əlbəttə ki, bu qərar ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi, dövlətimizin malik olduğu güclü diplomatiyanın göstəricisi və ölkəmizin etibarlı tərəfdaş nüfuzunun daha bir təsdiqidir. Bununla yanaşı etiraf etmək lazımdır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurlu sədrlik təcrübəsi də dünya ölkələri tərəfindən belə bir məsuliyyətli qərarın qəbul olmasını şərtləndirən önəmli məqam kimi çıxış etmişdir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin ADA Universitetində aprel ayının 23-də keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun gedişində tədbir iştirakçılarının suallarını cavablandırarkən verdiyi açıqlamalar Cənubi Qafqazda gedən geosiyasi proseslərlə bağlı dünya ictimaiyyətinin obyektiv məlumatlandırılması baxımından böyük önəm kəsb edir.“İlk növbədə birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, etibarlı və arzuolunan tərəfdaş kimi dünya dövlətləri tərəfindən qəbul edilməsi faktı forumda aparılan müzakirələrdə, cənab Prezident İlham Əliyevə ünvanlanan suallarda açıq-aşkar əks olunmaqda idi. Bunu təsdiq edən növbəti məqamlardan biri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olma ehtimalı ilə bağlı səsləndirilən sualda yer aldı. . Cənab Prezident bildirdi ki, dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata malik olan Azərbaycanı Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə qurduğu yaxşı ikitərəfli iqtisadi əlaqələr indiki vəziyyətdə tam qane edir. Azərbaycanın beynəlxalq təsisatlarda üzvlüklə bağlı atdığı bütün addımlar hər zaman praqmatizmə əsaslanıb.Təbii ki, təşkilata inteqrasiya ölkəmizə əlavə praktiki üstünlüklər vəd edərsə, bu zaman Azərbaycan bütün üstün və mənfi cəhətləri dəyərləndirib düzgün qərar qəbul edəcək.”

K.Qafarov Cənubi Qafqazda sülh prosesi ilə bağlı mövzunun tədbir iştirakçılarının suallarında geniş yer aldığını və bunun dünyada regionumuza olan böyük marağın daha bir önəmli göstəricisi olduğunu vurğulayaraq deyib: “Cənab Prezident İlham Əliyev ona verilən növbəti sualı cavablandırarkən bir daha qeyd etdi ki, COP29 sülh prosesinin nəticəsidir və bu Konfransın mövzusu maliyyə olmasına baxmayaraq, Azərbaycan tədbirin ev sahibi kimi ona verilən hüquqdan yararlanaraq gündəliyə sülh məsələsini də əlavə edəcək. Qeyd olundu ki, ölkəmizin COP29-a ev sahibliyi etməsilə bağlı Ermənistanın vetosunu aradan qaldırması və bunun qarşılığında Azərbaycan tərəfindən atılan addımlar iki ölkə arasında etimadın yaranmasına zəmin yaratmış oldu. Bu hal Azərbaycan və Ermənistanın heç də hər dəfə hər müstəvidə bir-birilərinə qarşı addım atmalı olmadıqlarını nümayiş etdirir. Beləliklə, Azərbaycan COP29-u həm də Cənubi Qafqazda sülh prosesini sürətləndirmək imkanı baxımından dəyərləndirəcək.”

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı, zəif duman olacağı ehtimalı var. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”“Aprelin 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən, Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyinə həsr olunmuş tədbir həm iqtisadi, həm də siyasi baxımdan çox önəmli hadisədir. Bu tədbir keçmiş SSRİ-nin, planetin quru ərazisinin altıda bir hissəsini əhatə edən super dövlətin o dövrdəki subyektlərinin hər birinin, yəni 15 respublikanın yaxın keçmişində baş vermiş önəmli hadisələrinin reabilitasiyasıdır”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat bildirib ki, BAM ötən əsrdə həyata keçirilmiş ən nəhəng logistik layihələrdən biridir. “Bu layihənin gerçəkləşməsində ilkin mərhələlərdə Azərbaycan SSR-in rəhbəri, 1982-ci ildən sonra isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq Heydər Əliyevin müstəsna xidmətləri olub. Cənab Prezident İlham Əliyevin bu dövlət tədbirinə Rusiya Prezidentinin dəvətilə qatılması da Ümummilli Liderimizin bütün keçmiş SSRİ və əlbəttə ki, ilk növbədə, Rusiya xalqları qarşısında tarixi xidmətlərinin etirafıdır.”

Deputat öz fikirlərini davam etdirərək, Azərbaycan və Rusiya Prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə keçirdikləri görüş zamanı etdikləri çıxışlarda bir çox vacib məqamlara dair önəmli açıqlamaların yer aldığını qeyd edib. K.Qafarov xüsusi olaraq vurğulayıb ki, dövlət başçılarının keçirdikləri istər geniş tərkibli, istərsə də təkbətək görüşlərin hər iki ölkə arasında, Azərbaycan və rus xalqları arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi və möhkəmləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir: “Azərbaycan və Rusiya arasında münasibətlərin özünəməxsus özəlliklərə malik əsaslar üzərində formalaşmasında və bugünkü səviyyəyə yüksəlməsində hər iki ölkənin onilliklər ərzində vahid dövlətin tərkibində müttəfiq respublikalar kimi mövcud olmaları ilə şərtlənir. Yetmiş il ərzində yaşanmış önəmli tarixi məqamlar ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırıb, münasibətlərin gələcəkdə də ardıcıl inkişafına zəmin yaradıb. Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, 2022-ci ilin fevralında Kremldə imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə əsas siyasi sənəd olaraq ölkələrimiz arasında əməkdaşlığın əsas genişlənmə istiqamətlərini də müəyyən edir. İki dövlət arasında bu gün mövcud olan gündəlik kifayət qədər geniş olmaqla, özündə regional təhlükəsizlik və qlobal strateji əhəmiyyət kəsb edən beynəlxalq nəqliyyat komponentlərini də ehtiva edir. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. Azərbaycan və Rusiya sadəcə böyük nəqliyyat layihələri həyata keçirmir. Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir. İkitərəfli münasibətlərdə, əlbəttə ki, regional təhlükəsizlik məsələləri hər zaman xüsusilə aktualdır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir və bütün qlobal və regional aktorlar da bununla hesablaşmalıdırlar. Eyni zamanda, Avrasiya məkanında gedən geosiyasi proseslərin əsas istiqamətini müəyyən edən amillər arasında ölkələrimiz arasındakı əməkdaşlığı, qarşılıqlı fəaliyyəti xüsusi qeyd etmək lazımdır. Məhz bu amillərdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və bütün məsələlərin nizamlanması dövlətlərarası münasibətlərin prioritet istiqamətləridir. Nəzərə almaq lazımdır ki, ökələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar bu münasibətlərin inkişafında həlledici rol oynayır. Hazırda bütün bu amillər və tarixi şəraitin mövcud komponentləri çərçivəsində Azərbaycan-Rusiya əlaqələri hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir.”

 

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir.

Məlumatda deyilir ki, “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

27 aprel 2024-cü il tarixindən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni 26 aprel tarixindən başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl - Zəngilan - Qubadlı - Laçın marşrutu ilə mümkün olacaq.
Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.

Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana və digər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər.

Xəbər lenti