Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb.

Sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm özlərinin, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar.

Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevriliblər. Hər iki halla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, BDYPİ tərəfindən bu istiqamətdə nəzarət-profilaktik tədbirlər həyata keçirilir:

 

 

“Lakin təəssüflə bildirirəm ki, yol-nəqliyyat hadisələrinin başvermə səbəblərindən biri də sürücülərin diqqəti yayındıran hərəkətlərdən istifadə etmələridir. Bunlardan biri də mobil telefondur. Bəzi sürücülər nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edirlər. Bu da sonda arzuolunmaz və xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarır.

Qeyd edilən videoda avtobus sürücüsü tərəfimizdən aşkarlanıb, barəsində qanunamüvafiq tədbir görülüb. İnzibati Xətalar Məcəlləsinin 342.6 maddəsinə əsasən, sürücüyə 50 manat dəyərində protokol tərtib edilib. Sürücülər nəzərə almalıdırlar ki, özləri ilə yanaşı, sərnişinlərin də həyat və sağlamlığını təhlükə altına atır. Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər isə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər.

Digər yayılan videoda isə sərnişindaşıma qaydaları pozulub. Avtobus sürücüsü də buna ciddi şəkildə nəzarət etməyib. Hazırda həmin videodakı avtobus araşdırılır”.

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.

İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, Milli Məclisin profil komitələrində müzakirə edilən bu layihənin sabah plenar iclasda qəbul olunacağı gözlənilir:

"2023-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 30% artaraq 7,6 milyard dollara çatıb. Yeni anlaşma qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından vacib hesab edilir, ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəflənir".

Millət vəkili bildirib ki, bütövlükdə, son dövrlər imzalanan anlaşmalar iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə müsbət təsir göstərir: "Azərbaycanın qeyri-neft ixracatının 25%-i məhz qardaş dövlətin payına düşür. Türkiyə həm ümumi ticarət dövriyyəsində, həm də qeyri-enerji ixracatında Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır".

V. Bayramov qeyd edir ki, ikiqat vergitutmanın ləğv edilməsi Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcini və qiymətini azalda bilər: "Türkiyədən illik idxalımızın həcmi 2 milyard 291 milyon dollardır. İdxalında strukturunda yüngül sənaye, xüsusən də, geyim məhsulları və qida malları xüsusi paya malikdir. Bu kontekstdən, yaxın dövrlərdə Azərbaycanda Türkiyədən gətirilən malların ucuzulaşması mümkün ola bilər. İqtisadi baxımdan xərcin azalması qiymətlərin düşməsi ilə müşahidə olunmalıdır".

Əmək pensiyası vətəndaşlarımızın illər ərzində göstərdiyi əmək fəaliyyətinin nəticəsi olaraq təyin olunur. Bu zaman müəyyən olunmuş pensiya stajına və pensiya kapitalına çatmaq lazımdır.

Lakin burada bir sıra sual doğuran məqamlar ortaya çıxır. Məsələn, şəxs pensiya yaşına çatmadan müəyyən olunmuş pensiya kapitalına çatarsa, ondan istifadə edə biləcəkmi? Yaxud da müəyyən olunmuş kapital həddinə çatmadıqda onun sosial ödənişlərinin taleyi necə olur?

Hüquqşünas Toğrul Şimiyev bu kimi suallarla bağlı “Ölkə.Az”ın suallarını cavablandırıb.

O bildirib ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin edilməsi şərtlərindən biri də müəyyən edilmiş minimum pensiya kapitalına çatmaqdır:

“Şəxs əgər pensiya yaşına çatıbsa və 25 illik minimum əmək stajı yoxdursa, bu zaman ona pensiya təyin edilməsi üçün kapitala ehtiyacı var. Şəxs minimum pensiya kapitalını əldə edə bilmədikdə ona pensiya təyin edilmir. Bu zaman o, qalıq hissəni öz vəsaiti hesabına ödəyərək pensiya ala bilər.

Şəxsin müəyyən qədər pensiya kapitalı varsa, lakin o, pensiya yaşına çatmayıbsa, pensiya kapitalından istifadə edə bilməz. Sadəcə, şəxs vəfat edərsə, onun ailə üzvləri ailə başçısını itirməyə görə əmək pensiyası ala bilərlər. Lakin bunun üçün də müəyyən şərtlər var. Həmçinin ailə başçısını itirməyə görə əmək pensiyası ala bilmək üçün lazım olan pensiya kapitalının minimum həddi fərqli qaydada hesablanır”.

Ekspert deyir ki, xarici təcrübədə bəzi ölkələrdə şəxs öz pensiya kapitalının müəyyən bir qismini götürüb istifadə edə bilər. Lakin təəssüf ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində belə bir müddəa nəzərdə tutulmayıb.

Belə bir halın Azərbaycanda tətbiq edilib-edilməyəcəyinə gəlincə isə T.Şimiyev bildirib ki, hazırda bu, mümkün deyil:

“Bildiyimiz kimi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) publik hüquqi şəxsdir və o öz-özünü maliyyələşdirir. DSMF-nin büdcəsi isə əsasən şəxslərin sosial sığorta ödəmələrindən formalaşır. Hazırda DSMF özünü tam şəkildə maliyyələşdirə bilmir və dövlət büdcəsindən müəyyən yardımlar alır. Lakin hər il DSMF-nin özünü maliyyələşdirmə faizi artır və müəyyən vaxtdan sonra o, tam olaraq özünü maliyyələşdirə biləcək. Hesab edirəm ki, yalnız bundan sonra həmin məbləğin bir hissəsinin şəxsə müəyyən şərtlər altında geri qaytarılması məsələsinə baxılacaq”.

Ekspertin sözlərinə görə, müəyyən bir borc və digər səbəblərdən pula ehtiyacı olan şəxsin pensiya kapitalının bir hissəsinin ona geri qaytarılması mümkün deyil:

“Şəxs heç bir halda öz pensiya kapitalından təyinatdan kənar istifadə edə bilməz. Hətta vətəndaşlıqdan çıxma və digər hallarda belə həmin məbləğ şəxsə geri qaytarılmır. Hesab edirəm ki, bu barədə təbii ki, yeniliyə ehtiyac var. Yuxarıda da qeyd edildiyi kimi, bəzi Qərbi Avropa ölkələrində pensiya kapitalına şəxsin mülkiyyəti prinsipi ilə yanaşılır. Mülkiyyət isə bildiyimiz kimi, şəxsə məxsusdur və şəxs onun üzərində istədiyi kimi sərəncam verə bilər”.

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, praktiki atışlardan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, təlimin məqsədi və atışın şərtləri izah olunub.

"Təlimdə heyətlər tərəfindən "İqla-S" daşına bilən zenit-raket qurğusunun döyüşə hazır vəziyyətə gətirilməsi, aşkar olunan şərti düşmənin hava hədəflərinin zərərsizləşdirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlər davam edir", - məlumatda qeyd olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

APA xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

 

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 172 nəfər nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 705 ailənin, yəni 2689 nəfərin daimi məskunlaşması təmin edilib.

 

 

 

 

Məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələri açıqlanıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.

O bildirib ki, monitorinqlər çərçivəsində 40-a yaxın müdir işdən çıxarılıb:

"Eyni zamanda 200-ə yaxın məktəbəqədər təhsil müəssisəsinjn müdirinə töhmət, şiddətli töhmət və xəbərdarlıq verilib".

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılacaq təmir işləri ilə əlaqədar olaraq 19 aprel saat 08:00-dan 21 aprel saat 22:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması  aqrar sektoru inkişaf etdirəcək”“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlərin dövlətin diqqət mərkəzində olduğundan xəbər verir və eyni zamanda da bu işlərin yüksək səmərəlilik və keyfiyyət göstəricilərinə uyğun həyata keçirilməsi üçün ən güclü stimul rolunu oynayır. Dövlət başçısının hər belə səfəri regional və ölkə əhəmiyyətli obyektlərin açılış və ya təməlqoyma mərasimləri ilə müşayiət olunur. O cümlədən aprelin 16-da Hacıqabul rayonuna səfəri çərçivəsində cənab Prezidenti İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, ilk baxışda regional əhəmiyyətli hadisə təəssüratı yarada biləcək bu layihə, əslində, qlobal miqyasda gedən proseslərə kifayət qədər böyük töhfədir. “Dövlət başçısının təməlqoyma mərasimində etdiyi çıxışında qeyd olunduğu kimi, bu gün bütün dünyada, o cümlədən Azərbaycanda da iqlim dəyişikliyi ilə bağlı yaşanan narahatlıqlar ölkənin su ehtiyatlarından maksimum dərəcədə səmərəli davranmaq zərurətini bütün kəskinliyi ilə ortaya qoyur. Hətta demək olar ki, hazırda bu vəzifə əsas prioritetlərdən biri kimi müəyyən olunub. Əgər nəzərə alsaq ki, bu gün Azərbaycanda bir çox infrastruktur layihələri, o cümlədən qazlaşdırma və elektrik enerjisi ilə təminat məsələləri böyük hesabla öz həllini artıq tapmışdır, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifələrin içməli su və suvarma layihələri ilə bağlı olacağını demək olar. Cənab Prezident İlham Əliyevin çıxışında bu məqamların xüsusi olaraq diqqət mərkəzinə çəkilməsi də nəzərdə tutulan layihələrin iri miqyaslı və əhatəli olacağından xəbər verir.”

K.Qafarov daha sonra bildirib ki, Şirvan suvarma kanalının yenidən qurulması qeyri-neft sektorunun inkişafına böyük töhfə olacaq: “Həqiqətən də dövlət başçısının təməlini qoyduğu bu layihə ölkəmizin iqtisadiyyatı üçün çox böyük önəm kəsb edir. Bir tərəfdən, az öncə də qeyd etdiyimiz kimi, Şirvan suvarma kanalının yenidən qurulması uzun illər fasiləsiz davam edən istismarın nəticəsi olaraq yer alan böyük həcmdə su itkisinin qarşısını alacaq. Hesablamalara görə yenidənqurma işlərindən sonra itkilərin həcmi on dəfədən çox azalacaq. Bu, artıq özü-özlüyündə son dərəcə önəmli bir məqamdır. Digər tərəfdən isə, yenidən istifadəyə verildikdən sonra Şirvan kanalı daha çox əkin torpaqlarını suvarma suyu ilə təmin edəcək. Bu da əlbəttə ki, bölgədə kənd təsərrüfatının daha sürətli inkişafına yeni güclü təkan verəcək. Beləliklə, dövlət başçısının dediyi kimi, bu layihədə qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsi kimi mühüm amillər öz əksini tapacaq. Diqqətəlayiq məqamlardan biri də budur ki, Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində Azərbaycan bu gün artıq öz su mənbələrinə tam sahib olmuşdur. Vaxtilə Ermənistan təkcə torpaqlarımızı yox, həm də su resurslarımızı işğal etmişdi. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkənin ümumi su resurslarının 25 faizini təşkil edir ki, bunlar da daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Ona görə də bu su ehtiyatları ölkə üçün xüsusi əhəmiyyət kəsb edir” .

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək.

Nazir qeyd edib ki, qeyd olunan sənədlər həyat hadisələri ilə bağlı dövlət tərəfindən insanlara, cəmiyyətə təqdim olunan xidmətlərin təxminən 40%-ni təşkil edir.

Mərkəzi Bankın baş direktoru Ziya Əliyev isə ölkədə yeni yaradılacaq sığorta məlumat mərkəzinə diqqət çəkib. Bildirib ki, bu sahədə Türkiyə təcrübəsindən yararlanmaq sektor üçün yeni imkanlar formalaşdıracaq.

Ziya Əliyev əlavə edib ki, mərkəz fəaliyyətə başlayandan sonra sığorta bazarına onlayn şəkildə nəzarət etmək imkanları da yaranacaq.

Daha ətraflı Xəzər TV-nin videomaterialında izləyə bilərsiniz:

bu-senbe-bakida-imecilik-kecirilecek

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, aprel ayının 20-də paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır.

Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.

Xəbər lenti