Bakının bir yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa olunaraq, əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO

"Son illərdə başladılan ciddi tədbirlər nəticəsində respublika ərazisində narkotik vasitə ilə əlaqəli baza, anbar, hansısa bariqalar və s. hamısının özəkləri dağıdılıb. Amma narkotik vasitələrlə əlaqəli xəstəxanalara müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə 300% artıb". 

Yol-xeber.az xəbər verir ki,  bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” mövzusunda panel müzakirələri zaman deyib. O, xəstəxanaya müraciət edən narkotik istifadəçilərinin sayının artmasının səbəbini belə izah edib:

"Bundan başqa ayrı-ayrı blogerlər hansısa formada reabilitasiya mərkəzlərinin reklam arealına çevrilib. Bu da onu deməyə əsas verir ki, artıq reabilitasiya mərkəzlərinin sayı artıb. Bunların sayı niyə artdı, nə baş verdi? Burada aydın bir təhlil ortaya çıxmalıdır ki, narkotik vasitə tapa bilmir və məcburdur ki, bu vəziyyətdən xilas olsun. Əvvəlki dövrlərdə qohum, ailə övladının/qohumunun narkotik vasitədən asılılığını gizlədirdisə, artıq müraciətlər onu göstərir ki, cəmiyyət bu sahədə də xeyli irəliyə gedib". 

E.Hacıyevin sözlərinə görə, narkotik vasitə, alkoqolizm ayrı-ayrılıqda cinayətkarlıqla səbəbli əlaqə yaradır:

"Bilinməlidir ki, narkotik vasitə aludəçisi, alkoqolik potensial təhlükə mənbəyidir, geci-tezi var. Bilinməlidir ki, ilk 3-5 ayda bu insanı xilas etmək olur, amma bu müddət keçəndən sonra onu xilas etmək olmur. O, ya ölümə gedir, ya da öldürməyə. Əlində olan vəsaiti itirir, əmlakını satıb qurtarır,  iş yerini itirir və nəticədə narkotik vasitəni əldə etmək üçün oğurlamağa, talamağa başlayır. Sonda da cəmiyyətin mənafeyinə zərər dəyir", - deyə o söyləyib. 

Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

Son günlər paytaxt sakinləri taksi qiymətlərinin bahalaşmasından şikayətlənir. Hətta bəzi sürücülər qiymətlərin 5 manatdan başlayacağını da iddia edirlər. Qiymətlərin bahalaşmasına isə bir neçə səbəb göstərirlər.

Taksi üçün nəzərdə tutulmuş mobil proqramlara nəzər yetirsək, əvvəllər 1.50 azn-dən başlayan qiymətlər hazırda 2.50-dən başlayır. Bu qiymət günün saatlarına uyğun olaraq dəyişir. Paytaxt ərazisindən günün bütün saatlarında tıxac yarandığını nəzərə alsaq, deməli, taksidən istifadə etmək üçün ən azı 4 manatınızdan keçməlisiniz.

Maraqlıdır, buna səbəb nədir? Bakıda taksi qiymətləri niyə qalxır?

Lent.az taksi fəaliyyətində baş verən dəyişikliklər barədə araşdırma aparıb.

Qiymətlərin bahalaşmasını bir neçə səbəblə əsaslandırırlar. Taksi xidməti göstərən avtomobillərin sayının kəskin azalması, Nazirlər Kabinetinin iyunun 1-ə verdiyi qərar və daha nələr-nələr...

Nazirlər Kabinetinin yeni qərarında nə var?

1. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək.

2. Avtomobilin istehsal tarixi 8 ildən az olmalıdır ki, sahibi taksi fəaliyyətinə icazə ala bilsin. Çünki qanunvericiliyə görə, taksilər üçün buraxılış kartı 7 il müddətinə verilir.

3. Taksilər üçün yalnız iki rəng - qırmızı və ağ rənglər tətbiq olunacaq. Ancaq bu, yeni avtomobillərə aiddir, hazırkı taksi avtomobilləri olduğu kimi qala bilər.

4. Taksilərin salonunda videokameralar olmalıdır.

5. Taksilərdə nağdsız ödəniş üçün POS-terminal, taksometr və ya dijital ödəniş vasitəsi - mobil telefon proqramı olmalıdır.

6. Taksi sürücüləri buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almalıdır.

Elə taksi fəaliyyətinə qadağa qoyulması ilə əlaqədar bir çox sahibkar köhnə avtomobillərini kütləvi şəkildə satışa çıxarıb. Digər bir səbəb isə odur ki, taksi operatorları 2007-ci və ondan aşağı ildə istehsal olunan avtomobilləri artıq reklamlı avtomobillər kimi qəbul etmir. Belə olan halda isə sahibkarlar həmin avtomobilləri satışa qoyur.

Bütün bu sadaladıqlarımız taksi xidməti göstərən avtomobillərinin sayının kəskin azalmasına səbəb olur. Bu da öz növbəsində taksi qiymətlərinin bahalaşmasına zəmin yaradıb.

Bəzi mütəxəssislər də yeni qərarın taksi parkında avtomobillərin sayını azaldaraq, qiymətləri artıracağını düşünür. Çünki Azərbaycanda taksi xidməti son 10-15 ildə qiyməti artmayan, əksinə, ucuzlaşan yeganə xidmət hesab olunduğunu deyə bilərik. Bir-biri ilə əlaqəli olan bu xidmətlər ölkədə işsizlərin sayına da ciddi təsir edəcək.

Yeri gəlmişkən bildirək ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ötən il bu qərarın hazırlanması prosesində bildirib ki, “taksi sürücülərinin iş saatlarının 8 saatadək azaldılması və qiymətlərin qaldırılması hesabına, sürücülər nə gəlirlərindən, nə də iş yerlərindən məhrum olacaqlar”.

Bəs, sürücülər nə düşünür?

Taksi xidməti sahəsində fəaliyyət göstərən sahibkarlar arasında aparılan sorğuya əsasən, hər kəs bu qaydalardan şikayətlənir.

Sürücü İlqar Məmmədov 10 il işsiz olduğunu və ailəsini taksi ilə dolandırdığını deyib:

“Mən illərdi işsizəm. Çörəkpulum bu maşından çıxır. Yeni qərarla iyunun 1-dən bu maşından istifadə edə bilmərəm. Arzulayıram bir möcüzə olsun”.

20 ildir taksi fəaliyyəti ilə məşğul olan Çingiz Əhmədov isə bundan sonra nə edəcəyini bilmir:

“Hələ ki oturub düşünürəm, görüm nə edəcəm. 20 ildir bu işdəyəm”.

Sürücü Qafar Abdullayev təzə maşınla taksi işləməyin sürücüyə sərf etməyəcəyini deyib:

“Ay qızım, mən necə təzə maşınla taksilik edim? Heç onun ehtiyat hissələrini çatdırmaram. Məcbur çıxıb evdə oturacam, iş axtaracam”.

“Borc-xərc edib maşını dəyişsəm də, elə tələblər qoyublar ki, ona gücüm çatmaz” – bu sözləri qərardan sonra sürücülükdən imtina edən Elşən Əliyev deyir:

“Şəhadətnamə, kamera, buraxılış kartı istəyirlər. Şəhadətnamə almaq üçün 76 manat rüsum var. Mən bunların hamısını necə ödəyim?”.

Taksi sürücülərinin almalı olduğu şəhadətnamə nədir?

“Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi minik avtomobili sürücüləri etik davranış qaydaları və avtomobil nəqliyyatı ilə sərnişin daşınmanı tənzimləyən hüquqi aktlara dair xüsusi təlim keçməlidir. Bu təlimlərdə sürücülərə etik davranış qaydaları, sürücü-sərnişin münasibətləri, ilk tibbi yardım, normativ hüquqi aktlar, şəhərin tanınması, maşında nələrin olması, necə idarə olunmasına dair və digər bu kimi məlumatlar öyrədilir.

Təlim 4 gün keçirilir, 5-ci gün sürücülər imtahan verir. Bu təlimi keçməyən sürücülər digər bütün göstəricilərə uyğun gəlsələr də, taksi fəaliyyəti üçün buraxılış kartı ala bilməzlər. Təlim ödənişlidir və qiyməti 76 azn müəyyənləşdirilib.

Buraxılış vəsiqəsi, buraxılış kartı nədir?

Nazirlər Kabinetinin qərarına əsasən buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” qanuna əsasən, buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.

Bütün bunları nəzər yetirib, ümumi nəticəyə gəlsək, iyulun 1-dən etibarən taksi fəaliyyəti ilə məşğul olan şəxslər minimum 226 manat xərcləməlidir. Əgər maşını 15 ildən çox müddətdə istifadə edilibsə, necə deyərlər: “vay o adamın halına”.

Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?

Sosial şəbəkələrdə may ayından etibarən katalizatoru olmayan avtomobillərin cərimə ediləcəyi ilə bağlı məlumat yayılıb. 10 ildir Nazirlər Kabinetinin qərarı ilə ölkəmizə idxal olunan nəqliyyat vasitələrindən atmosfer havasına buraxılan zəhərli maddələr üzrə 2014-cü il aprel ayından etibarən AVRO-4 ekoloji normalar tətbiq olunur. Katalizatoru olmayan və ya müxtəlif səbəblərdən çıxarılan avtomobil isə həmin normalara cavab vermir.

Məlumat üçün bildirək ki, avtomobil katalizatoru mühərrik sistemindən ixrac olunan işlənmiş qazı neytrallaşdıraraq atmosferə buraxılmasını təmin edən qurğudur.

Bəs bu avtomobillərin cərimə məbləği nə qədər olacaq? İstehsalsalçı tərəfindən katalizator qoyulmayan avtomobilləri nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, katalizatorun çıxarılmasının bir çox səbəbləri var:

“Avtomobildə katalizatorun olmaması problem deyil. İstehsalçı zavod tərəfindən bir avtomobildə katalizator qurulubsa, sonradan hansısa sürücünün onu çıxarması qanun pozuntusu sayılır və icbari tənbeh tədbiri seçilməlidir. Belə olan halda məsuliyyət yaranır. Yəni ətraf mühitin qorunması üçün avtomobildə istehsalçı zavod tərəfindən quraşdırılmış sistem kimsə tərəfindən çıxarılıb atılır və yaxud da tamah vətəndaş tamahına görə onu çıxarıb satır.

Çünki onun üstündə qiymətli metallar var, buna görə şirnikləndirici vədlər verirlər. Bəzi servislərdə sürücüləri aldadırlar ki, maşını müayinə elədim və katalizator pis gündədir, onu çıxarsan maşın normal işləyəcək. Sürücü də bildirir ki, əgər bu işə yaramırsa, çıxart. Usta da bundan istifadə edir, onu özünə götürür. Halbuki onu daha normal vəziyyətə gətirmək, təmir etmək olur.

Vətəndaşları aldadan ustalar var.

İnsan ağciyər olmadan nəfəs ala bilmədiyi kimi, avtomobildə də o cürdür. Bu sistem yoxdursa, avtomobil mühərrikdən gələn zəhərli qazları təmizləmədən birbaşa ətraf mühitə atır. Nəticədə zəhərli qazların miqdarı çoxalır, insanlar zəhər udurlar. Hansı ölkədə avtomobil parkı yenidirsə, müasir avtomobillər sürülürsə, orada rahat nəfəs almaq mümkündür.

Pandemiya dövründə bunun şahidi oldum. Sərt karantin dövründə avtomobillər küçəyə çıxmırdılar, şəhərin bir başından digər başı aydın görünürdü. Deməli, bizim ətraf mühitimizi çirkləndirən avtomobillər imiş. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də vurğulayıb ki, Bakı şəhərində ətraf mühitin çirklənməsinin 80 faizi avtomobillərin ixrac etdiyi zəhərli qazlar hesabına formalaşır. Katalizator buna görə lazımdır. İnsanlar məqsədli şəkildə bunu satır, pula ehtiyacı olur, çıxarıb katalizatoru satır”.

O bildirib ki, avtomobilə müdaxilə edib katalizatoru çıxaranlar cərimə oluna bilərlər:

“Artıq may ayıdır, "Təmiz hava" aylığının keçirilməsinə başlanılacaq. Polis də buna görə cərimə yazır. Zərərli qazın miqdarı çoxdursa, 50 manat məbləğində cərimə yazır.

Amma dərindən yoxlasa, katalizatorun olmadığını görsə, konstruksiyanın dəyişdirilməsinə görə 150 manat cərimə oluna bilərlər. Texniki nasazlıq kimi 50 manat cərimə də yaza bilər. Bu, aradan qaldırılması mümkün olmayan xəta deyil. Amma sürücü 1000 manata, 600 manata katalizator alana kimi 50 manat cərimə ilə canını qurtarmağa çalışır”.

Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!

Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!

"Qrin kart" lotereyasının qalibləri sabah (4 may) elan ediləcək. Diqqət çəkən məqam bu lotereyanı qazanmaq üçün "Greencard Azerbaijan" şirkəti vasitəsilə qeydiyyatdan keçənlərin problem yaşamasıdır. Həmin şəxslər sözügedən şirkətlə əlaqə saxlaya bilmədiklərini deyirlər. Belə ki, "Greencard Azerbaijan" şirkətinin rəhbəri Rüfət Piriyev artıq 4 aydır həbsdədir.

Rəsm açıqlamada qeyd edilir ki, Rüfət Piriyev xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinərək saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

Maraqlıdır, "Greencard Azerbaijan"a pul ödəyən şəxsləri nə gözləyir?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, həmin şəxslərin qrin kart almaq üçün kiməsə pul (rüşvət) verməsi məlumatı ABŞ mənbələrinə ötürülübsə, artıq onların qalib olma şansı yoxdur.

İqtisadçı deyib ki, o şəxslərin rüşvət və korrupsiya yolu ilə daha yaxşı sənədlər hazırlatmağa çalışması haqda ABŞ orqanlarında məlumat varsa, qalib olsalar da gedə bilməyəcəklər:

"Bununla bağlı məlumat əldə etmək o qədər də çətin deyil. Çünki qlobal siyahılar ABŞ Dövlət Departamentinin portalında da ayrıca elan edilir. Adı qaliblər siyahısında olan şəxslər müraciətlərini ABŞ səfirliklərinə edə bilərlər. Adları siyahıda olan adam rahat şəkildə qrin kart alıb, ABŞ-a gedə biləcəklər. Amma dediyim kimi, əgər səfirlik Azərbaycan orqanları tərəfindən məlumatlandırılıbsa və ya Dövlət Departamentinin müvafiq orqanlarına hadisə ilə bağlı detallı məlumatlar gedibsə, onlar hətta qalib olsalar belə, adlarının siyahıdan çıxarılması mümkündür. Demirəm, dəqiq belə olacaq, lakin burada korrupsiya və rüşvət ehtimallarını üzərlərindən atmaq üçün bu qərarı verə bilərlər".

“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada vətəndaşa düşən evin başqasına verildiyi iddiasına cavab verib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Qaçqınkom”dan məlumat verilib.

Bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Laçın rayonunun Sus və Bəylik kəndləri birləşdirilib, onlar üçün, ümumilikdə, 150 evlik yeni yaşayış məntəqəsinin inşasına başlanılıb:

"Birinci mərhələdə 59 fərdi ev tikilib və istifadəyə hazırdır, daha 91 evin tikintisi isə davam etdirilir. Birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və 2 püşkün nəticəsi ləğv edilib.
Həmin püşklər Sus və Bəylik kəndlərində deyil, qonşuluqdakı Qızılca kəndində daimi qeydiyyatda olan ailələrə aiddir. Araşdırma zamanı məlum olub ki, yeni yaşayış məntəqəsinin salındığı ərazidə işğaldan əvvəl həmin ailələrin də evləri olduğu üçün adları Sus və Bəylik kəndlərinin sakinləri ilə eyni püşkatma siyahısına daxil edilib. Bu hal kənd sakinlərində narazılıq yaradıb".

Məlumatda həmçinin vurğulanıb ki, ləğv edilmiş püşklərin sahibləri Dövlət Komitəsinə dəvət olunub, onlara ətraflı izahat verilib və bildirilib ki, ikinci mərhələdə evlə təmin olunmaqları nəzərdə tutulur.

Qeyd edək ki, sosial şəbəkədə yayılan videoda Sus sakini püşkatma zamanı ona düşən evin başqasına verildiyini iddia edib.

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”
“Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Forumun açılış mərasimində iştirak edən Ölkə Prezidenti İlham Əliyev xüsusi qeyd etdi ki, tədbirdə 110 ölkədən nümayəndənin iştirak etməsi bir daha Forumun çox mühüm beynəlxalq platforma olduğunu təsdiq edir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, dövlət başçısı Forumda müzakirə olunacaq mövzuların da əhəmiyyətini vurğulayıb. “ Sonuncu dəfə 2019-cu ildə Bakıda keçirilmiş Forumdan sonra ötən dövr ərzində dünya heç də təhlükəsiz olmayıb. Dünyada yeni münaqişələrin, yeni qeyri-sabitlik məkanlarının və yeni təhdidlərin sayı artır. Əlbəttə ki, Bakı Forumundan bütün bu qlobal problemlərin həlli yollarının müəyyən edilməsi məsələsinə dəyərli töhfələrin veriləcəyi gözlənilir.”

K.Qafarovun fikrincə, qlobal təhlükəsizlik məsələlərinin həllində mədəniyyətlərarası dialoq amili hər zaman önəmli rol oynayıb: “Cənab Prezident İlham Əliyevin nitqində qeyd olunduğu kimi, Azərbaycanın Şərq ilə Qərb arasında yerləşməsi ölkəmizin əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan kimi formalaşmasını şərtləndirib. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti özündə tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi ən mühüm dəyərləri yaşadıb. Məhz bu müsbət tendensiya da nəticə etibarı ilə Azərbaycanın müstəqil ölkə kimi uğurlu inkişafına zəmin yaradıb. Mədəniyyətlərarası Dialoq Forumunun da məhz Azərbaycanda başlanmasının əsas səbəblərdən biri budur ki, bizim ölkəmizdə, cəmiyyətimizdə sülh, sabitlik və həmrəylik mədəni müxtəliflik və qarşılıqlı hörmətlə qırılmaz tellərlə bağlıdır. Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoqun mövcud olması da danılmaz faktdır. Dövlət başçımızın dediyi kimi, multikulturalizm Azərbaycan vətəndaşları üçün hansısa bir abstrakt, öyrənməli olacağımız məfhum deyil. Bu, bizim gündəlik həyat tərzimizdir.”

Prezident İlham Əliyevin nitqində yeni müstəmləkə tendensiyalarına qarşı yer alan fikirlərin əhəmiyyətini vurğulayan K.Qafarov daha sonra deyib: “Hər zaman olduğu kimi, Prezident İlham Əliyevin çıxışında bir çox qlobal məsələlərlə bağlı prinsipial mövqe əks etdirən konkret açıqlamalar yer almışdır. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddət ərzində yeni müstəmləkə tendensiyalarına qarşı mübarizəni hər zaman təşviq etdiyini diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, həmin Təşkilatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması ədalət naminə və beynəlxalq hüququn təmin edilməsi üçün aparılan mübarizədir. Cənab Prezident bir daha öz siyasi iradəsini və qətiyyətini nümayiş etdirərək XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasının yolverilməz olduğunu bəyan etdi. Dövlətimizin başçısı açıq mətnlə ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya qarşı qəti şəkildə etirazını bildirərək, bu vəziyyətə ən qısa zamanda son qoymağın zəruri olduğunu bildirdi. Bu məsələnin mədəniyyətlərarası dialoq üçün vacib olduğunu diqqət mərkəzinə çəkən Prezident İlham Əliyev belə bir məqamla bağlı ikili standartların tətbiq edilməsinə yol verilməyəcəyini vurğuladı.”

İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Xalq qəzeti"nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərə ilin sonuna kimi 20 min insanın qayıdışı planlaşdırılır:

“Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. Tezliklə Şuşaya, bundan başqa, Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Bir məqamı da qeyd edim ki, ilin sonuna kimi məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq”.

"Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, müntəzəm marşrutların açılmasına icazə verən qurumlar dəyişib.

Dəyişikliklə, müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə veriləcək.

Yoxlamanın nəticələri aktla rəsmiləşdiriləcək və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən zəruri məlumatlar göstərilməklə marşrutun pasportu hazırlanaraq təsdiq ediləcək.

İndiyə qədər müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycan Respublikasının digər ərazilərində isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə verilirdi. Yoxlamanın nəticələri aktla rəsmiləşdirilir və bunun əsasında Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycan Respublikasının digər ərazilərində isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən zəruri məlumatlar göstərilməklə marşrutun pasportu hazırlanaraq təsdiq edilirdi.

Bakıda 500 mindən çox sənədsiz evlərin olduğu deyilir. Sənədi olmayan mənzillərə çıxarış verilməsi problemi illərdir həllini tapmır. Evinə müxtəlif səbəblərdən çıxarış ala bilməyən vətəndaşların həmin mənzilləri daha ucuz qiymətə satışa çıxardıqları haqqında məlumatlar yayılıb. Sosial şəbəkələrdə və əmlak alqı-satqı platformalarında Bakının və Abşeronun kənar ərazilərində tikilən bu tip evlərin ucuzlaşdığı bildirilir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, çox sayda həyət evinin satışa çıxarılması mövsümlə əlaqədardır:

“Həyət evləri üçün yararlı torpaq sahələri günü-gündən tükənir. Artıq fərdi həyət evlərinin tikintisi üçün Bakıda torpaq yoxdur, bunun üçün Abşeronun kənar ərazilərinə üz tuturlar. Torpaqlar iki hissəyə bölünür, sənədi olan, yəni çıxarışlı və çıxarışsız. Çıxarışı olan torpaqlar çox bahadır, çıxarışsız torpaqlara da çıxarış almaq mümkün deyil. Çünki onların təyinatı fərqlidir. 

Yəni yaşayış məntəqələri üçün nəzərdə tutulmadığı üçün qanunvericiliyə görə orada tikinti işləri aparmaq olmaz. Amma zamanında bu tip torpaqlarda ev tikiblər. İndi həmin çıxarışsız torpaqların da qiymətərinin ilbəil artdığını görürük. Tikinti materiallarının da qiymətində artım müşahidə olunur”.

Ekspert sadəcə yay mövsümü olduğu üçün evlərin kütləvi halda satışa çıxarıldığını vurğulayıb:

“Mövsümə görə həyət evi satmaq istəyən adamlar bu satışları isti aylara saxlayırlar. İsti aylarda alıcı qüvvəsi daha çox olur. Çünki torpaq sahəsi və həyət evi almaq istəyən adamlar istirahət və ya yaşamaq üçün daha çox onu yay aylarında almağa üstünlük verirlər. 

Satışa çıxan evlərin sayı çox olanda bir tərəfdən elə görünür ki, evlərə tələbat yoxdur, başqa bir tərəfdən isə bəzi ərazilərdə tıxac baxımından yaşamaq çətinləşib. Artıq Xırdalan, Masazır digər ərazilər var ki oradan şəhər mərkəzinə gedib gəlməyə bir saatdan artıq vaxt sərf olunur. Ona görə də mərkəzdə oxuyan, işini şəhərdə quran adamlar çalışırlar ki, adıçəkilən ərazilərdəki mənzillərini satıb mərkəzə daha yaxın ərazidən alsınlar”.

Ekspert əksinə olaraq bu ərəfələrdə həyət evlərinin qiymətinin artdığını bildirib:

“Ümumi götürdükdə ucuzlaşma yoxdur. Nəzərə almaq lazımdır ki, mövsüm başladığına görə həyət evlərinə tələbat artıb. Hər il may ayından avqust ayınadək bu tip ev və torpaqların qiymətində artım müşahidə olunur”.

Xəbər lenti