![]() |
|
“Bakı, Sumqayıt və Abşerondakı məktəblərdə ibtidai siniflərdə şagird sıxlığı nəzərə alınmaqla dərslər həftədə üç dəfə əyani formada olacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, bu cür qərarın qəbul edilmə səbəbi sözügedən ərazilərin risk qrupuna aid olmasıdır:
“Hər şey qaydasında gedərsə, hər şagird tək-tək partalarda oturmaqla dərslərin keçirilməsi həftədə beş dəfə olacaq”.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin icrasını təmin etmək, idarəetmənin səmərəliliyini artırmaq məqsədilə struktur dəyişikliyi aparılıb.
Bu barədə qurum məlumat yayıb.
Belə ki, Hüquq və İnsan resursları sektorları ləğv edilərək, onların bazasında Hüquq və kadrlar şöbəsi yaradılıb.
Miqrasiya, məşğulluq və status şöbəsi isə Regional idarəetmə və status şöbəsi ilə əvəzlənib, həmçinin, ayrıca Məşğulluq sektoru yaradılıb.
İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin İnformasiya texnologiyaları və Elektron idarəetmə sektorları birləşdirilib.
Sosial təminat və kommunal xidmətlər şöbəsinin tərkibindəki Sosial təminat və kommunal xidmətlər sektorunun əvəzinə hər iki istiqamət üzrə iki ayrı sektor təşkil edilib. Aparatın tərkibində yeni Monitorinq şöbəsi yaradılıb.
Bundan başqa, komitənin Göygöl və Bakı şəhərinin Pirallahı rayonu üzrə yerli bölmələri ləğv edilib.
Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 noyabr tarixli 652s nömrəli Sərəncamı əsasında Dövlət Komitəsi aparatı işçilərinin ümumi say həddi 88-ə çatdırılıb.
"V-IX siniflər üzrə dərslərin bərpası haqqında qərar mövcud vəziyyət nəzərə alınmaqla veriləcək".
Bunu bu gün keçirilən vebinarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, fevralın 1-dən 1-4-cü siniflər və məktəbəqədər qruplar üçün tədris qismən bərpa ediləcək:
"Fevralın 1-dən yenidən hibrid təhsil formasını tətbiq edəcəyik. Tədrisin bərpası ilə Nazirlər Kabinetinin daha əvvəl verdiyi qərar qüvvədədir. Tədris həmin qərar əsasında təşkil olunacaq. Məktəblər, müəllimlər tədrisin təşkilinə hazırdılar”.
“60 yaşdan yuxarı müəllimlərin məcburi vaksinasiyası ilə bağlı yayılan məlumatlar yanlışdır. Bu proses tamamilə könüllülük əsasında baş tutacaq”.
Qafqazinfo” xəbər verir ki, bunu Təhsil Nazirliyinin “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda seminarda Təhsil nazirinin müşaviri Elnur Nəsibov bildirib.
O həmçinin qeyd edib ki, məktəblərdə müəllimlərin vaksinasiyası ilə bağlı qərar və vaksinasiyanın tarixi TƏBİB tərəfindən müəyyən olunur.
Xəbər verdiyimiz kimi, dəniz quldurları tərəfindən qətlə yetirilən həmyerlimiz Fərman İsmayılovun nəşi Azərbaycana gətirilib.
“Qafqazinfo”nun xəbərinə görə, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Bakı hava limanında onun nəşinin qarşılanması ilə bağlı açıqlama verib.
Bildirib ki, mərhumun nəşi əvvəlcə Baş Prokurorluğa təhvil veriləcək: “Baş Prokurorluğun nümayəndəsi də burdadır. İlkin olaraq, nəşin üzərində məhkəmə tibbi ekspertiza işi aparılacaq, sonra isə ailəsinə təhvil veriləcək”.
L.Abdullayeva F.İsmayılovun meyitinin vətənə gətirilməsində göstərdikləri köməyə görə Türkiyə tərəfinə təşəkkür edib.
Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək. İri şəhərlərdə tədris həftədə 3, digər rayonlarda isə 4 və 5 dəfə olmaqla bərpa olunacaq.
Oxu.az xəbər verir ki, tədris prosesinin bərpası vətəndaşların ictimai nəqliyyatda üzləşə biləcəyi problemləri gündəmə gətirib.
Sosial şəbəkədə müzakirələr zamanı vətəndaşlar avtobuslarda sıxlıqla qarşılaşmamaq üçün metronun da fəaliyyətinin bərpa edilməsini istəyirlər. Mövcud durumu nəzərə alaraq "Bakı Metropoliteni" QSC-yə müraciət etdik və hazırlıq işlərinin nə yerdə olduğunu öyrəndik.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirdi ki, bu dəqiqəyə qədər Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Bakı Metropoliteni" QSC-yə fəaliyyətini nə vaxt bərpa edəcəyi ilə bağlı hər hansı göstəriş və ya tapşırıq daxil olmayıb:
"Səlahiyyət Operativ Qərargahda olduğu üçün bu mövzuda bizim qurumun hər hansı açıqlama verməsi düzgün olmazdı. Amma ümumilikdə sərnişindaşımanın həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq metronun xüsusiyyəti həm mürəkkəbdir, həm də çoxşaxəlidir. Bu infrastrukturu qorumaq və saxlamaq məqsədilə "Bakı Metropoliteni" QSC gündəlik rejimdə işlər aparır.
Bu məsələdə texnoloji proseslər və təlimat tələbləri birmənalı şəkildə yerinə yetirilməlidir. Bu başqa cür mümkün də deyil. Çünki nə vaxtsa sərnişindaşıma fəaliyyətini bərpa edəcək. Buna optimal hazırlıq səviyyəsi gündəlik iş rejimi şəraitində aparılmalıdır.
Metroda dəyişiklərə gəldikdə isə bunu deyə bilərəm ki, bu, texnoloji proses və istismar müddəti ilə tənzimlənir. Eskalator və ya qatarın istismar müddəti başa çatmayıbsa, o yenisi ilə əvəz edilmir. Bütün avadanlıqların müəyyən olunmuş müddəti, texnoloji qulluq prosesi və təmir növləri var.
Bunların hər birinə həm pandemiya, həm də digər dövrlərdə müntəzəm iş şəraitində baxılır və nəzarət edilir ki, metropolitendə sərnişin təhlükəsizliyinə ən yüksək səviyyədə əməl olunsun”.
Millət vəkili Fazil Mustafa isə hesab edir ki, fevralın birindən metorunun fəaliyyətini bərpa etməsi ictimai nəqliyyatdan istifadə edənlərin durumunu yüngülləşdirə bilər: "Metronun fəaliyyəti əslində bərpa olunmalıdır. Çünki əhali çox əziyyət çəkir. Amma metronun girişində sayın müəyyən olunması çox vacibdir. Ayaq üstə durmamaq şərtilə, daha çox oturcaqlarda əyləşəcək vətəndaşların sayı qədər metroya insanların buraxılması mümkün ola bilər. Çünki bir stansiyada nə qədər insanın toplaşacağını müəyyən etmək çətindir.
Metroda bundan əlavə yer altında virusun yayılması ehtimalı daha çoxdur. Ona görə, buna təhlükə kimi baxırlar. Bütövlükdə vətəndaşların avtobuslardan istifadəsi daha təhlükəli olacaq. Çünki sıxlıq hədsiz dərəcədə böyükdür. Üstəlik də avtobusların öz yolunun olmaması acınacaqlı bir durumdur. Bu, Bakının bir reallığıdır.
Mövcud vəziyyətdə təhsili dayandırmaq mümkün deyil. Bu məsələdə şəxsi avtomobillərdən istifadə ilə də süıxlıq yaranacaq. Valideynlər uşaqları məktəbə daha tez çatdırmaq istəyəcək, bu, da əlavə problemdir. Şəxsi avtomobilləri olan şəxslərin vəziyyəti bir qədər rahat olur. Lakin aztəminatlı insanlarda bu fərqlidir. Buna görə, metorunun açılması vəziyyəti daha da yüngülləşdirə bilər".
Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda müharibədə həlak olan şəhidlərin valideynləri övladlarının qəbir yerinin dəyişdirilməsini tələb edirlər.
Bakının Yasamal və Nəsimi rayonundan olan, şəhidlərin Qaradağ rayonu ərazisində dəfn olunmasına etiraz edən valideynlər dəfn yerinin ikinci Fəxri xiyabana köçürülməsini istəyirlər. Onlar dünən sinə daşlarını qaldıraraq qəbirləri su basdığını göstəriblər.
"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a danışan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, şəhidlərin dəfn edildiyi yer ərazicə Qaradağa məxsus olsa da, tabeliyi Bakı şəhər rəhbərliyinədir:
“Ora əvvəl Müdafiə Nazirliyində idi, müharibə veteranlarını basdırırdılar. İndi də Yasamal və Nəsimi rayonlarından olan şəhidləri basdırıblar. Bizim bu məsələdə heç bir iştirakımız yoxdur. Yəqin ki, Müdafiə Nazirliyi qərar verib”.
İcra başçısı ərazidə qrunt sularının toplanması barədə məsələyə münasibət bildirib: “Əvvəllər orada qrunt sularının üzə çıxması halı müşahidə olunmayıb. Dəfn üçün başqa bir yer təklif olunması bizim səlahiyyətimizdə olan məsələ deyil. Bu barədə qərarı Müdafiə Nazirliyi verməlidir”.
Qeyd edək ki, bir neçə gün əvvəl məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı “Qafqazinfo”ya bildirib ki, şəhid anaları qəbul edilib və onların problemi dinlənilib.
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azalmağa başlayıb. Təkcə yanvarın 25-nə olan statistik məlumata görə, ölkədə 57 yeni yoluxma faktı aşkar olunub, 11 nəfər isə virusdan dünyasını dəyişib. Bununla belə, bəzi mütəxəssislər qeyd edir ki, ölkədə yanvarın 25-dən etibarən sərt karantin rejimində edilən yumşalmalar gündəlik yoluxma sayını yenidən artırmış olacaq.
Hətta iddialar səslənir ki, fevralın sonu və yaxud aprelin əvvəlində yenidən ölkədə sərt karantin rejimi tətbiq oluna bilər. Bəs bu iddialar nə dərəcədə özünü doğrulda bilər? Daha bir məsələ, məlum olduğu kimi, ölkədə yanvarın 18-dən etibarən vaksinasiya prosesi başladılıb. Lakin bu günə qədər vaksinasiya prosesinin gedişatı, vaksin olunanların sayı nədənsə açıqlanmır. Halbuki digər ölkələrdə, o cümlədən yanvarın 13-dən vaksinasiya prosesinə başlayan qardaş Türkiyədə bu məsələ şəffaf şəkildə təqdim olunur. Məsələn, ötən həftə Türkiyə rəsmiləri ölkədə 1 milyondan çox səhiyyə işçisinə vaksin vurulduğunu açıqlamışdı.
Bəs Azərbaycanda bu məsələ niyə şəffaf deyil? Tibb elmləri doktoru, professor Adil Qeybulla bu və digər suallarla bağlı bağlı danışıb:
"Bəli, yoluxanların sayı xeyli azalıb. Rəqəmlər statistik olsa da deyə bilərəm ki, apardığımız müşahidələr də onu göstərir ki, xəstəlik kəskin azalıb. Belə ki, kompüter tomoqrafiyaya müraciət edənlərin sayı kəskin azalıb”.
Professor "fevralın sonu və yaxud aprelin əvvəlində sərt karantin rejimi yenidən qayıda bilər” iddialarına isə bu cür şərh bildirdi:
"Bu o halda ola bilər ki, yoluxma sayında yenidən hər hansı bir artım olsun. Lakin unutmayaq ki, vaksinasiya da davam edir. Vaksinasiya aktiv həyata keçirilərsə, yoluxmalar daha da azalar. Fevralın sonuna qədər sosial sahələrin hamısında yumşalmalar mümkün deyil. Hər halda, karantin rejimi qalacaq, yəni karantin davranışlarına əməl etmək qaydaları davam edəcək. Ola bilər ki, böyük ticarət mərkəzlərinin də fəaliyyətləri bərpa olunsun, lakin karantin davranışlarına riayət etmək şərti ilə. Bununla da aprelin əvvəlinə sərt karantin rejimi olacağını proqnozlaşdırmıram. Əlbəttə ki, sabotaj olarsa, hər bir şey baş verə bilər”.
Adil Qeybulla qeyd etdi ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da vaksinasiyalarla bağlı statistika şəffaf olmalıdır:
"Periodik rəqəmlər mütəmadi olaraq açıqlanmalıdır. Dünya xəstəliklərinə nəzarət və profilaktika mərkəzləri bu məsələni diqqətlə izləyir, vaksinasiyadan sonrakı bütün problemləri qeydə alırlar. Ona görə də vaksinasiya prosesinin statistikası, gedişat prosesi tamamilə şəffaf olmalıdır”.
"Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov da qeyd etdi ki, karantin rejimində yumşalmalar olsa da, karantin qaydalarına mütəmadi əməl etmək vacibdir:
"Hər halda, virus bizimlə davam edirsə, bütün tədbirlər öz aktuallığını saxlayır. Əvvəlki kimi yenə maska taxmaq, sosial məsafə saxlamaq, əllərin dezinfeksiyası, gigiyena məsələlərinə əməl etməliyik. Son rəqəmlər xeyli ürəkaçan, sevindiricidir. Karantin rejimi başlayanda, SMS icazəsi tətbiq olunanda da qeyd edirdik ki, zaman-zaman yoluxma sayları enəcək. Hər halda, görülən tədbirlər, insanların məsələyə daha anlayışlı, məsuliyyətli yanaşması, tələblərə əhəmiyyətli dərəcədə əməl etməsi bu nəticəni ortaya qoyub. Lakin qeyd etdiyim kimi, virus hələ də bizimlədir. Dünyada virusun daha fərqli, daha öldürücü ştamlarının yayılmasından danışılır. Bu da onu göstərir ki, biz bundan sonra əldə olunan nəticələri qorumaq üçün xüsusi fəaliyyət göstərməliyik. Bu baxımdan hər bir vətəndaşdan daha da məsuliyyətli olmaq tələb olunur.
İnsanların psixoloji gərginliyi, iqtisadi problemləri, cəmiyyətin əvvəlki normal həyata qayıtmaq arzuları yönündə atılan addımlara görə ünsiyyət çoxalacaq. Məlum olduğu kimi, fevralın 1-dən kafe və restoanlar açılır, yəni ünsiyyət xeyli artacaq və bu da yoluxma ehtimalını da artırır. Əgər yoluxma artasa, aidiyyəti strukturlar yenidən sərt tədbirlər görmək məcburiyyətində qalacaq". (Musavat.com)
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndindən videogörüntülər paylaşıb.
Həmin görüntüləri təqdim edirik.