![]() |
|
Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Yanvarın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən iki gün ərzində 532 müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 96 müraciətə baxılıb, onlardan 51 müraciət yerində baxılaraq həll olunub, digər müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Komissiyanın fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması prosesində media nümayəndələri də iştirak edib.
ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətlərin, o cümlədən məscidlərə, Azərbaycanın tarixi, mədəni irsinə qarşı vandallıq aktlarının şahidi oldu. Onlar bu cinayətləri öz hesabatlarında əks etdirəcəklər. Əminik ki, bu vəhşilik haqqında bütün dünyaya, o cümlədən İslam aləminə məlumatlar çatdırılacaq. Bu, çox önəmlidir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.
“Bu səfəri Azərbaycanla həmrəylik kimi qiymətləndiririk”
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin Füzuli və Ağdam rayonlarına səfərindən sonra müxbirimizin suallarını cavablandıran nazir qeyd edib ki, bu, Vətən müharibəsindən sonra beynəlxalq təşkilatın rəhbəri səviyyəsində ölkəmizə ilk səfərdir. Bunu Azərbaycanla həmrəylik kimi qiymətləndiririk.
“Biz beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik. İstəyirik ki, bütün dünya erməni vəhşiliyinin şahidi olsun. Hazırda bununla bağlı UNESCO və digər təşkilatlarla müzakirələr aparılır. Azad edilmiş ərazilərə səfərlərin təşkili üçün təhlükəsizlik tədbirləri də təmin olunmalıdır. Bugünkü səfər də minalardan təmizlənmiş ərazilərə təşkil edilib. Ermənilərin törətdiyi bütün cinayətləri sənədləşdirmək üçün ekspertlər hər yeri gəzib qeydiyyat aparmalıdırlar ki, gələcəkdə bu faktları beynəlxalq məhkəmələrə təqdim edək. Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidirlər”, - deyə Anar Kərimov qeyd edib.
Qarabağda tarixi abidələrin konservasiyası və bərpası üçün yol xəritəsi hazırlanacaq
İşğaldan azad olunmuş ərazilərimizdəki mədəni-dini və tarixi abidələrimizin qorunması istiqamətində atılacaq addımlarla bağlı sualı cavablandıran nazir deyib: “Mədəniyyət Nazirliyinin ekspertləri hazırda həmin ərazilərdə maddi-mədəni, tarixi abidələrin monitorinqini, inventarlaşmasını aparırlar. Daha sonra abidələrin konservasiyası, bərpası üçün yol xəritəsi hazırlanacaq. Bu, uzunmüddətli prosesdir. Amma biz buna çox qətiyyətlə başlamaq niyyətindəyik. Bu işdə bizə həm yerli, həm də xarici ekspertlər kömək etməlidirlər. İlk olaraq mədəniyyətimizin beşiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən başlamağı planlaşdırırıq. Təbii ki, Ağdam, Füzuli və digər azad edilmiş ərazilərdəki tarixi-mədəni abidələr, mədəniyyət müəssisələri də bərpa olunacaq”.
Mədəniyyət naziri bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək tədbirlərlə bağlı plan hazırlanır. Bu il Şuşada iki tədbir - "Xarı bülbül" festivalı və Molla Pənah Vaqif poeziya günlərinin keçirilməsi nəzərdə tutulub.
“Son zamanlar səfərbərlikdən xidmətə çağrılmış və Vətən müharibəsindən sonra tərxis edilmiş vətəndaşlarımızın bəziləri öz müraciətlərini sosial şəbəkələr vasitəsilə edirlər. Həmin müraciətlər anonim olduğundan biz onlara köməklik edə bilmirik”.
Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.
“Həmin şəxslərə bir daha xatırladırıq ki, onları narahat edən hər hansı məsələlərin həlli üçün Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzindəki komissiyaya yazılı və şifahi formada müraciət etmələri kifayət edir. Sosial şəbəkələrdə yayılan bu məlumatlar Müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirir. Eyni zamanda, bu, düşmən dəyirmanına su tökmək deməkdir”, - nazirlik rəsmisi bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə yanvarın 12-də KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin vebinar iclasında iştirak edib.
Bu barədə QMİ-nin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, KAİCİİD Təşkilatının Baş Katibi Feysal bin Müəmmarın giriş sözü ilə açılan vebinar yeni ilin ilk iclası olaraq ötən ilin yekunlarına və qarşıda duran fəaliyyətlərlə bağlı fikir mübadiləsinə həsr olunub. Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in doqquz nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə vebinarda çıxış edib.
Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını iştirakçıların diqqətinə çatdıran Şeyxülislam 2020-ci ilin dünya birliyi, bəşəriyyət üçün ciddi sınaqlar ili olduğunu, hələ də qalmaqda olan pandemiyanın, özünün məcburi məhdudiyyət tədbirləri ilə bilavasitə ünsiyyət və təmaslarımızın qarşısını aldığını, ictimai-mədəni tədbirlərin, o cümlədən, kütləvi dini mərasim və ayinlərin təxirə salındığını qeyd edib.
A.Paşazadə həyata keçirilən fəaliyyətləri davam etdirərək müasir ünsiyyət imkanları vasitəsilə dialoq qurmaqla zəmanənin çağırışlarına uyğun cavab vermək, dəyərlər ətrafında cəm olaraq ümumbəşər səciyyəli problemləri birgə müzakirə imkanlarının səngimədiyini diqqətə çatdırıb.
A.Paşazadə 2021-ci ilin bütün dünyada, yaşadığımız bölgələrdə əmin-amanlıq, sabitlik və rifah ili olması üçün uca yaradana dualar edib.
Şeyxülislam qeyd edib ki, bu gün sülhün qorunması probleminin həllində, beynəlxalq müstəvidə ədalətin təminində, habelə terror, ksenofobiya, antisemitizm, islamofobiya, xristianofobiya, ekstremizm və radikalizmin, irqçilik, neofaşizm təzahürlərinin, nifrətə çağırışların qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərar olması üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı hər zamankından daha vacibdir.
QMİ sədri ötən il ərzində pandemiyaya baxmayaraq böyük uğurlara imza atan KAİCİİD təşkilatının bu yöndə səylərini bundan sonra da davam etdirəcəyini bildirib.
Vebinarda yeni təqvim ilində pandemiyanın fəsadlarına rəğmən insanların ümid və daha böyük səylə fəaliyyətlərini davam etdirmələri, mənəvi dəyərlərə istinadən bütün problemlərin öhdəsindən gəlmələri üçün dualar edilib.
Bu qış da Bakı sakinləri qar üzünə həsrət qalıb. Baxmayaraq ki, hava soyuq və yağıntılı keçir, qar həvəskarlarının gözləri hələ də yoldadır.
Bəs paytaxta nə vaxt qar yağacaq?
Bu və digər suallara aydınlıq gətirmək üçün Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosuna müraciət etdik.
Qurumun direktoru Gülşad Məmmədova baku.ws-ə açıqlamasında bildirdi ki, arktik soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində ayrı-ayrı illərdə qış ayları çox soyuq keçir.
“Çoxillik meteoroloji müşahidələrə görə, Bakıda yanvar ayı üçün ən soyuq hava 1907-ci il yanvarın 24-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu 11 dərəcə şaxta təşkil etmişdir.
2008-ci il yanvarın 7 və 8-də Bakıda qar müşahidə edilib. Qarın hündürlüyü 8 yanvarda 44 sm təşkil edib. Atmosferin ümumi sirkulyasiyasından və sinoptik proseslərdən asılı olaraq hərdən fevral ayı yanvar ayından soyuq olur.
Fevral ayında ən soyuq hava 2012-ci il fevralın 8-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu Bakıda 11 dərəcə şaxta olub. 2017-ci il fevralın 1-2 də Bakıda qar yağmış və qarın hündürlüyü 29 sm təşkil etmişdir.
Çoxillik meteoroloji müşahidələrə görə, ən soyuq dekabr 1924-cü il dekabrın 26-da Bakı şəhərində qeydə alınmışdır. Həmin gün havanın minimal temperaturu 8.8 dərəcə şaxta olmuşdur”, - deyə Gülşad Məmmədova bildirib.
Gülşad Məmmədova deyir ki, bütün çoxillik müşahidələrə görə, Bakıda ən soyuq sutkalıq yağıntı 2002-ci il dekabrın 10-da gündüz və 11-nə keçən gecə müşahidə olunub:
“Bu da dekabr ayı üçün sutka ərzində rekorddur. 48 mm yağıntı (qar) düşmüşdür. Dekabrın 11-də Bakıda qarın hündürlüyü 50 sm təşkil etmişdir”.
Gülşad Məmmədovanın sözlərinə görə, paytaxt üçün qış aylarında əsasən şimal-qərb küləyi xarakterikdir:
“Qış aylarında əsasən şimal-qərb küləyi əsmişdir. Küləyin maksimal sürəti 2007-ci il (fevralın 24-25 də), 2015-ci il (dekabrın 3-4 də), 2019 cu ildə (yanvarın 17-18 də) 35-41 m/s çatmışdır. Güclü külək, şimşək, çovğun və qar da müşahidə edilmişdir”.
Gülşad Məmmədova qarşıdan gələn son 3 günün də hava proqnozlarını açıqlayıb:
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 8-13 m/s, arabir 15-18 m/s olacaq. Havanın temperaturu gecə 3-6°, gündüz 9-13° isti olacaq”.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Yanvarın 14-ü axşamdan 15-i gündüzədək bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 9-14° isti olacaq”.
Qeyd edək ki, qarşıdakı 4 gün ərzində Bakıya qar yağmayacaq. Lakin yanvar-fevralda yağması istisna deyil.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət normallaşmağa başlayıb. Belə ki, artıq gündəlik yoluxanların sayı 7-8 dəfə aşağı düşərək 500-600 arası dəyişib. Bu azalma ölüm hallarında da müşahidə olunur. Sağalanların sayında isə xeyli artım var. Belə ki, Azərbaycanda son sutkada koronavirusa 519 yeni yoluxma faktı qeydə alınıb, 1276 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. Bu gün səsləndirilən fikirlərdən biri də yanvarın 18-dən sonra metronun fəaliyyətə başlamasıdır. Yanvarın 18-dən sonra metro fəaliyyətə başlayacaqmı?
Bununla bağlı açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bununla bağlı bizə heç bir məlumat verilməyib:
"Yanvarın 18-də metronun açılması ilə bağlı Operativ Qərargah tərəfindən bizə məlumat daxil olmayıb.
Biz həmişəki qaydada fəaliyyətimizə davam edirik. Bilirsiniz ki, pandemiya və karantin rejimi ilə bütün qərarları Operativ Qərargah verir. Əgər hər hansı ikinci qərar olmasa, yanvarın 31-i saat 6-da metro fəaliyyətə yenidən başlayacaq.(sonxeber)
Vətən müharibəsində itkin düşən daha bir hərbçinin şəhid olması xəbəri gəlib.
Oxu.az xəbər verir ki, ötən ilin iyul ayının 13-də həqiqi hərbi xidmətə yollanan 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan uzun müddət xəbər olmayıb. O, sonuncu dəfə oktyabrın 9-da evə zəng vurub, döyüşə gedəcəklərini bildirib.
İ.Məmmədov və bir neçə silahdaşı oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
İ.Məmmədov bu gün doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Çiləgir kəndində dəfn olunacaq.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib.
Eyni zamanda, görüşdə qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib.
Qısa müddət ərzində tərtib edilmiş Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası barədə görüş iştirakçıları arasında ilkin müzakirələr və fikir mübadiləsi aparıldı. Həmçinin, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin qurulması məqsədilə məzmun materiallarının toplanması üzrə Tədbirlər Planının ilkin layihəsi də görüşdə müzakirə edilib.
Bu yaxınlarda Mədəniyyət Nazirliyin nəzdində yaradılacaq daxili İşçi qrupunun görüşlərinin daha geniş tərkibdə keçirilməsi nəzərdə tutulur.
Respublikamızın ictimai həyatında daim yaxından iştirak edən Azərbaycan Dövlət neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin əməkdaşları “YAŞAT” Fondunun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəliblər.
Bu barədə SOCAR-dan məlumat verilib.
Məlumata görə, İdarənin əməkdaşlarının və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan rəhbərlik “YAŞAT” Fonduna (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 %-i qədər maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab edib. “YAŞAT” fondunun hesabına 61 925 manat vəsait köçürülüb.
2020-ci il ərzində Geofizika və Geologiya İdarəsi koronavirusla (COVID-19)mübarizə çərçivəsində Koronovirusla Mübarizəyə Dəstək Fonduna, eləcə də Silahlı Qüvvələrə Dəstək Fonduna da vəsait köçürüblər. Ötən il ərzində ümumilikdə fondlara 140 min manata yaxın vəsait köçürülüb.
Xatırladaq ki, Prezident İlham Əliyevin fərmanına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılıb.