|
Kanadada “WestJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş-eniş zolağından kənara çıxıb. Yol-xeber.az xəbər verir ki, insident yanvarın 6-da axşam saatlarında Yeni Şotlandiya əyalətində baş verib. Bu barədə “CTV” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Torontodan havalanan “Boeing 737” sərnişin təyyarəsi, Qalifaks hava limanına eniş edən zamanı güclü qar səbəbindən uçuş-eniş zolağından çıxıb və 50 metr irəlilədikdən sonra dayanıb.
Hava gəmisinin göyərtəsində 172 sərnişin və 7 ekipaj üzvü olub. Bildirilir ki, hadisə vaxtı xəsarət alan olmayıb. Təyyarə dayandıqdan sonra sərnişinlər avtobusla aeroporta çatdırılıblar.
Ölkənin Nəqliyyat Təhlükəsizliyi Şurasının mütəxəssisləri faktla bağlı araşdırmalara başlayıb.