|
9 fərqli ölkədə aparılan beynəlxalq narkotik əməliyyatı nəticəsində 1992-ci ildən bəri “Türk Eskobar” olaraq tanınan Nejat Daşla birlikdə aralarında həyat yoldaşı və baldızının da olduğu 67 şəxs saxlanılıb.
“Hürriyet” xəbər verir ki, saxlanılan şəxslər arasında 3 nəfər hüquq-mühafizə orqanları əməkdaşları da var.
Türkiyə Daxili İşlər naziri Süleyman Soylu əməliyyatın Ankara Baş Prokurorluğu, Narkotiklərlə Mübarizə İdarəsi, Ankara və İstanbul Polis Şöbələri, Maliyyə Cinayətlərinin İstintaqı İdarəsi (MASAK) ilə birlikdə uzun müddət planlaşdırıldığını bildirib.
“Dostlarımız cümhuriyyətin və yaxın keçmişimizin ən əhəmiyyətli əməliyyatlarından birini həyata keçiriblər. Bu əməliyyatın adı “Bataqlıq”dır. Bu əməliyyatın vacib tərəfi narkotik və narkotiklə əlaqəli qanunsuz gəlirlərlə mübarizə aparmaqdır. Əməliyyat Hollandiya, Belçika, İspaniya, İtaliya, Çili, Ekvador və Braziliya ilə birlikdə ortaq şəkildə təşkil olunub. Hədəfdə 94 şəxs var idi. İndiyə qədər 67 şəxs saxlanılıb”,- deyə Soylu vurğulayıb.
Qeyd edək ki, dünyanın ən təhlükəli narkotik qaçaqçılarından hesab olunan Nejat Daş ilk dəfə 90-cı illərdə Aralıq dənizində narkotik daşıyan gəmilərin saxlanılması ilə gündəmə gəlib. O dövrdə “Qismətim-1” və “Lucky-S” gəmiləri ilə narkotik qaçaqmalçılığına görə saxlanılan Nejat Daş 1994-cü ildə məhkəməyə gətirilərkən qaçıb. Daha sonra isə o, saxta pasportla ölkədən qaçaraq Ukrayna, Rusiya, Rumıniya və s. ölkələrdə gizlənib.
1997-ci il iyulun 7-si İspaniyanın paytaxtı Madriddə 14 kq heroin ilə tutulan Nejat Daş 2003-cü ildə Türkiyəyə ekstradisiyası rədd edilərək sərbəst buraxılmışdı.