|
Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Zati-alinizə və ailənizə cansağlığı, xoşbəxtlik diləyirəm.
Zati-alinizin Ali Baş Komandan olaraq cəsarəti, müdrikliyi və liderliyi sayəsində qəhrəman Azərbaycan Ordusu 44 günlük qısa bir müddətdə ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək Azərbaycan xalqının 27 illik həsrətinə son qoymuş və Qarabağı azad etmişdir. Bu müddətdə başda Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan olmaqla, bütün türk xalqı Azərbaycanın qələbəsi üçün dualar edib və dəstəyini verib.
İndiyədək olduğu kimi, bundan sonrakı müddətdə də Türkiyə Respublikası istənilən şəraitdə, vəziyyətdə can Azərbaycanın yanında olmaqda davam edəcək.
Möhtərəm cənab Prezidentim, “Bir millət, iki dövlət” şüarı ilə Zati-alinizin və Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın səyləri sayəsində Qafqazda bundan sonra sülh, firavanlıq, rifah və əmin-amanlıq davamlı olacaq”.