|
Misirdəki Müsəlman Qardaşlar Təşkilatı (İhvan) İsrail ilə normallaşma cəhdlərini rədd etdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə təşkilatın KİV-ə açıqlamasında bildirilib. Qeyd olunub ki, bu təşəbbüs İsrailin leqallaşdırılmasına və fələstinlilərin hüquqlarının məhrum edilməsinə imkan yaradır.
Bəyanatda “İhvan”ın Fələstin xalqının haqlı işini dəstəkləməyə, paytaxtı Qüds olan müstəqil dövlətini qurmasına və torpaqlarını azad etməsinə dəstək mövqeyini davam etdirdiyi ifadə edilib.
“İsraillə hər cür normallaşma cəhdləri və yollarından imtina edirik. Kiminsə bu məsələyə qarışması, bizdən xahişi bunu dəyişdirməz”,- deyə “Müsəlman Qardaşlar”ın açıqlamasında vurğulanıb.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn 15 sentyabrda Ağ Evdə təşkil edilən mərasimdə İsrail ilə münasibətləri normallaşdırmaq üçün bir müqavilə imzalayıb. Bu iki ölkə Misir və İordaniyadan sonra İsrail ilə normallaşma razılığına gələn üçüncü və dördüncü ərəb ölkələri idi. Daha sonra Sudan və Mərakeş də bu normallaşma prosesinə qatılıb.
Xatırladaq ki, “İhvan” Misir parlamentində 88 yerə sahib dini-siyasi təşkilatdır.