![]() |
|
ABŞ Prezidenti Donald Tramp 12 ölkənin vətəndaşlarının Birləşmiş Ştatlara tam şəkildə girişini qadağan edən sərəncam imzalayıb.
Respublikaçı lider bu qərarı özünün "TruthSocial" sosial şəbəkəsində elan edib.
Tam qadağa tətbiq olunan ölkələr bunlardır: Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən. Qanuni daimi sakinlər və etibarlı vizaya sahib şəxslər bu qadağadan istisna olunurlar. Dövlət Departamenti bu ölkələrin siyahısını yanvar ayından bəri apardığı analizlərə əsasən hazırlayıb.
Qismən qadağa isə Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına şamil olunub. Bu ölkələrin vətəndaşlarına turist və tələbə vizaları verilməyəcək. Bununla belə, iş məqsədilə və ya ABŞ vətəndaşı olan ailə üzvləri ilə birləşmə məqsədilə vizaların verilməsi davam edəcək.
Donald Trampın sözlərinə görə, bu tədbirlərin əsas səbəbi Kolorado ştatının Boulder şəhərində yəhudi fəallara qarşı törədilmiş antisemit hücum olub. Xatırladaq ki, ABŞ-də ailəsi ilə birlikdə qeyri-qanuni yaşayan, 45 yaşlı Misir vətəndaşı, "Fələstin azad olsun!" deyə qışqıraraq kütlənin üzərinə alışqan maddə atıb. Hadisə nəticəsində 15 nəfər yaralanıb.
Terror təhlükəsinə toxunan Tramp qeyd edib ki, Avropada baş verənlərin Amerikada təkrarlanmasına imkan verməyəcək. O, bu siyahıya yeni ölkələrin də əlavə oluna biləcəyi ilə hədələyib.