|
Trampın Tehrana zəng vurub bizi danışıqlara dəvət etməsi ehtimalı daha böyükdür.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi jurnalistlərə ABŞ Prezidenti Donald Trampın Brüsseldə İranla bağlı səsləndirdiyi bəyanatı ilə bağlı fikir bildirərkən söyləyib.
Trampın “Bir gün Tehrandan mənə zəng vurub danışıqlara çağıracaqlar” fikrinə toxunan B.Qasımi Trampın müzakirələr aparmaq üçün Tehrana zəng vurmasının daha real göründüyünü qeyd edib:
“Mən bilmirəm ki, ABŞ prezidenti bu sözü deyəndə zarafat edib, ya ciddi şəkildə bunu dilə gətirib. Lakin hesab edirəm ki, onun Tehrana zəng vurub bizi danışıqlara dəvət etməsi ehtimalı daha böyükdür”.
Qeyd edək ki, iyulun 12-də Brüsseldə keçirilən NATO-ya üzv 29 ölkənin hökumət və dövlət başçılarının sammitinə qatılan Tramp jurnalistlərlə görüşündə İranın region ölkələrinə və Amerikaya qarşı rəftarında dəyişikliklər edilməsindən və İranın ağır iqtisadi durumundan danışıb.