|
2018-ci il dünya əhəmiyyətli siyasi hadisələrlə yadda qaldı. Bu il bir çox dünya liderinə öz hakimiyyətini gücləndirməkdə kömək etdi, bəzilərinin isə kürsüsünü laxlatdı.
Axar.az fərqli ölkələrdən olan politoloq və analitiklər arasında “ilin ən uğurlu və uğursuz siyasətçiləri”nin kimliyi haqda sorğu keçirib.
Rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, teleaparıcı Yevgeni Mixaylov:
Rusiyanın vətəndaşı olaraq beynəlxalq arenada baş verənləri və aparılan siyasətə istinad edərək ilin ən uğurlu siyasətçisi Rusiya Federasiyası Prezidenti Vladimir Putini hesab edirəm. Putin Qərbin sanksiyalar vasitəsi ilə ölkəmizi zəiflətmək cəhdlərinə məhəl qoymadı. Rusiya dünya ictimaiyyətinin lider ölkələrindən biri hesab olunur.
İlk növbədə, Putinin əsas nailiyyəti Suriya münaqişəsinin gedişatında Rusiya ordusunun rolu idi. Rusiya sübut etdi ki, böyük maliyyə itkiləri olmadan da dünya terrorizminə qarşı uğurla mübarizə aparmaq mümkündür.
İlin ən uğursuz siyasətçisi kimi populizmin köməyi ilə hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyanın adını çəkə bilərəm. Vətəndaşlara çoxsaylı vədlər verərək nəinki onları yerinə yetirmədi, hətta ölkəni tənəzzülə aparıb azadlıqdan məhrum etdi. Mənim fikrimcə, onun əsas səhvi hökumətinin antirusiya ritorikası və Moskva ilə – yəni, Ermənistanda sülhün bərqərar olmasını təmin edənlərlə – mövcud olan əlaqələri kəsmək istəyidir.
Azərbaycan Prezidenti Katibliyinin keçmiş rəhbəri, prezidentin eks-köməkçisi, politoloq Eldar Namazov:
Türkiyə Prezidenti cənab Ərdoğanı ilin ən uğurlu siyasətçisi hesab edirəm. Bu il onun həm iqtisadi sahədə, həm xarici siyasət sahəsində çox ciddi uğurları oldu. Mənim üçün ən həlledici hadisə isə ABŞ kimi dünyanın ən qlobal gücə malik olan dövlət başçısı ilə aralarında baş tutan telefon söhbətindən sonra Amerikanın Suriyadakı qoşunlarını geri çağırması və Suriyadakı bir çox məsələləri Türkiyə dövlətinə etibar etməsidir. Bu, bütün dünyanı şoka salan gözlənilməz bir addım oldu.
Bununla yanaşı, Türkiyə, o cümlədən, həm Qərblə, həm Şərqlə əməkdaşlıq edərək iqtisadi sahədə inkişafa nail oldu, böyük enerji layihələri həyata keçirdi. Bizim regionda, Türkiyənin ətrafında mövcud olan gərgin geopolitik durumun, Suriyada və İraqda baş verən hadisələrin, Rusiya ilə ABŞ arasındakı qarşıdurmanın fonunda cənab Ərdoğan Türkiyənin nüfuzunu ildən-ilə artıraraq onu regionun aparıcı dövlətləri siyahısına salmağa nail oldu.
Ən uğursuz siyasətçi olaraq Venesuela Prezidenti Maduronun adını qeyd edə bilərəm. Neftlə zəngin olan bir ölkədə insanlar səfalət içində, hiberinflasiya şəraitində yaşayır, əhali talonla çörək və ərzaq məhsulları alır. Venesuela kimi böyük iqtisadi potensialı olan bir ölkəni bu günə qoymaq, yəqin ki, hər bir siyasətçinin işi deyil.
“Kafkassam”ın Amerika araşdırmaları və terrorla mübarizə üzrə mütəxəssisi Əmrah Kaya:
2018-ci ildə Rusiya Prezidenti Vladimir Putin xarici siyasətdə dünyanın ən uğurlu siyasi liderləri arasında birinci yeri tutdu. O, yürütdüyü daxili siyasətə görə bəzi tənqidlərə məruz qalsa da, xarici siyasətdə məqsədlərinə nail olmaq və SSRİ-nin keçmiş təsir sahəsinə yenidən nail olmaq üçün mühüm addımlar atdı. Onlardan biri çoxqütblü dünya sisteminin qurulmasıdır. Soyuq müharibə dövründəki kimi Avropa ölkələrinə və ABŞ-a qarşı çıxmadı. AB ilə müxtəlif müqavilələr imzalayaraq bu ölkələri ABŞ-a və Çinə qarşı istiqamətləndirməyə çalışdı. Xüsusilə 15 İyul ABŞ dəstəkli FETO-çuların Türkiyədəki çevriliş cəhdi zamanı Türkiyənin qanuni rəhbərliyini dəstəkləyərək NATO-da əhəmiyyətli bir çatlaq meydana gətirməyi bacardı. Rusiyanın Suriyadakı fəaliyyəti də bu ölkənin hansı gücə sahib olduğunu sübuta yetirir: Rusiyanın dəstəklədiyi Əsəd rəhbərliyi ölkədə mübahisəsiz hakim qüvvədir. ABŞ-ın Suriyadan çəkilmə qərarı da bunun bir sübutudur.
Ərdoğana gəldikdə isə, Türkiyə prezidenti daha öncələr ciddi səhvlərə yol versə də, bu il Türkiyəni uduzmaqda olan dövlətlər siyahısından qalib dövlət siyahısına salmağa müvəffəq oldu. Keçirilən “Zeytin budağı” və “Fərat qalxanı” əməliyyatları dincliyə səbəb oldu və PKK, PYD terror təşkilatlarının önünü kəsdi.
Ən zəif lider olaraq Donald Trampı görürəm. Çünki onun aydın bir xarici siyasət xətti yoxdur. Və aldığı qərarlar ABŞ-ın xarici siyasətinə təsir göstərəcək dərəcədə qarşıdurmalara gətirib çıxarır. Buna misal olaraq Ceyms Mettisin və Bret Makqarkın istefasını göstərmək olar.
Bununla yanaşı son zamanlarda ən çox müzakirə olunan liderlərdən biri Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmandır. Xüsusilə Qaşıqçı cinayətindən sonra qatil bir dövlət kimi tanınan Səudiyyə rüşvət və xərclərlə etibarını geri qazanmağa çalışır.
Yaxın Şərq və Qafqaz ölkələri üzrə rusiyalı ekspert, analitik Stanislav Tarasov:
Rusiya Federasiyası Prezidenti Vladimir Putini və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2018-ci ilin ən uğurlu siyasətçiləri hesab edirəm. Post-sovet məkanından isə bu ada Azərbaycan Prezidenti İlham Əliyevi layiq görərdim.
Çünki Putin və Ərdoğan Yaxın Şərqdəki hadisələrin gedişini müəyyənləşdirir və dünya proseslərinin gedişatına əhəmiyyətli təsir göstərirlər.
Ən uğursuz siyasət yeridən dövlət başçıları kimi Fransa Prezidenti Emanuel Makronun, Böyük Britaniyanın Baş naziri Tereza Meyin və Almaniyanın kansleri Angela Merkelin adını çəkərdim.
ABŞ-ın Qulf Analitik Mərkəzinin politoloqu, doktor Teodor Karasik:
2018-ci ildə bir çox siyasi rəhbər ən yaxşı siyasətçi adına layiq görülmək üçün əlindən gələni etdi. Ancaq geosiyasi arenada iddialı olanlar fərqlənə bildilər.
Məsələn, Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Szinpin və Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi bu il bütün dünya liderlərindən seçildilər. Bu işdə onlara mediaya da böyük kömək oldu.
İlin ən zəif liderləri kimi Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emanuel Makronu görürəm. Onlar uzun müddət Avropada ulduzlarının parıldamasına çalışsalar da, buna müvəffəq ola bilmədilər.
Rusiyalı analitik, beynəlxalq münasibətlər üzrə ekspert Qriqori Trofimçuk:
İlin ən müvəffəqiyyətli siyasi lideri ABŞ Prezidenti Donald Trampdır. Təbiətcə siyasətçi olmasa da, o, bu il qlobal platformanın mövcud və gələcək ABŞ maraqları üçün tənzimlənməsini bacardı.
İlin ən uğursuz siyasətçisi, şübhəsiz ki, Fransa prezidentidir. Makron aydındır ki, siyasətçi deyil. O sadəcə təsadüf nəticəsində elə yüksək bir vəzifəyə yüksəlib. Makron öz ölkəsindəki etirazlardan tutmuş Avropa Birliyi məsələlərinə qədər qarşısına çıxan problemlərdə nə etməli olduğunu aydın anlamır.
Makron Sarkozi və Ollanddan sonra Fransanın qəribə və gülməli siyasi liderlərinin davamçısıdır. Elə təsəvvür yaranır ki, onlar hamısı fransız filmlərindəki Lui De Fünesin qəhrəmanlarıdır.
ABŞ Tennessi Universitetinin professoru Andrey Korobkov:
İlin ən uğurlu siyasətçilərinin kim olduğunu söyləmək müəyyən qədər mürəkkəbdir. Hesab edirəm ki, Çin lideri Si Szinpin bu qrupda lider ola bilər. Bu il Çin öz siyasi və iqtisadi gücünü qurmağa davam etdi. Prezident seçkilərində qalib gələn Vladimir Putin ilə Konqresdəki səsləri toplamağa müvəffəq olan və tarif müharibələrində əhəmiyyətli nəticələr əldə edən Donald Tramp ciddi problemlərlə üzləşdi. Putin üçün bu çətinlik sanksiyalar rejiminin gücləndirilməsi və ölkə daxilində artan narazılıqdır. Tramp üçün isə Nümayəndələr Palatasında demokratları fəth etməkdir.
Uğursuz siyasətçilərə dair sual nisbətən sadədir. Siyahıya liderliyi öz siyasi kapitalını tamamilə sarsıtmağa müvəffəq olan Britaniyanın Baş naziri Tereza Mey və miqrasiya siyasətinin faydalarını biçən Angela Merkel edir.
Hər iki xanım öz hakimiyyətdə qalma müddətlərini ciddi şəkildə məhdudlaşdırmağa məcbur oldu. Merkel üçün bu daha ciddi mövzudur. Çünki onu tarixə necə düşəcəyi çox qayğılandırır.
Ötən il 2016-cı ildəki məğlubiyyətinin günahını yumaq üçün demokratları yoran Hillari Klinton üçün də uğurlu il olmadı.
Bu il Poroşenko üçün də fəlakətli il oldu. Seçkilər ərəfəsində reytinqləri yüzdə 10-a düşdü.