|
Ölkə Prezidenti tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edirəm.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, bu qurumların ləğvini təəssüflə qarşılayanları başa düşür:
“Kimsə istəməz ki, indiki zamanda iş yerini itirsin, sabit maaşdan məhrum olsun. Ancaq onu da qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır. Bir-birini təkrarlayan ali təhsil ocaqları da, dövlət komitələri və nazirliklər də birləşdirilməli, struktur vahidləri azaldılmalıdır. Əvəzində isə özəl sektor üzərindən bütün maneələr birmənalı şəkildə götürülməlidir. Çünki işsizlər ordusunun sayının artımına imkan verməmək üçün özəl sektorun fəaliyyətini hərtərəfli stimullaşdırmaq lazımdır”.
Millət vəkili qeyd edib ki, digər tərəfdən icra hakimiyyətlərinin təsərrüfat səlahiyyətlərini bələdiyyə qurumlarına dövr etmək məqsədəuyğun olardı:
“Bütün hallarda yeni il islahatlar baxımından maraqlı başlayır, insanlarımızın rifahıın yaxşılaşdırılmasına yönələn islahatlar ölkədə ümidverici aura yaradır”.