|
Bu gün Parisdə Qarabağ danışıqları üzrə həlledici mərhələ başlayır.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında bu gün Fransa paytaxtı Parisdə keçiriləcək görüşü şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, nazirlər Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Qarabağ danışıqlarının detallarını, Minsk Qrupunun yeni həll variantını müzakirə edəcək:
“Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən görüşdə Qarabağın Azərbaycan və erməni icmasının görüşlərdə maraqlı tərəf kimi iştirakı da müzakirə olunacaq. Bu görüş real dəyişikliklərə imza atacaq proses olmasa da, cəbhədə atəşkəsin qorunması istiqamətində birgə səyləri müdafiə edəcək. Ermənistan tərəfi yenidən sələfləri kimi atəşkəsin aşkar olunması mexanizmini absurd şəkildə danışıqlarda qaldırır”.
Politoloq qeyd edib ki, Ermənistanda artıq hakmiyyət formalaşması başa çatdı, rəsmi Bakının bu ölkəyə daxili siyasi prosesləri nizama salmaq üçün güzəşt limiti bitdi:
“Artıq top Ermənistan tərəfindəndi. Paris danışıqları rəsmi İrəvanın mövqeyinin aydın olması istiqamətində mühüm əhəmiyyət kəsb edir. 25 ildən sonra ilk dəfə müharibə partiyası deyil, sivil hökumət bu danışıqlara gedir. Bu görüşdə mərhələli həll planını Azərbaycan tərəfi qaldıracaq, Qarabağın təhlükəsizliyini isə rəsmi İrəvanın danışıqlar masasına gətirməsi gözlənilir. Danışıqların bu formatda getməsi istisna deyil. Bu görüşdə Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin görüşünün keçirilməsi də müzakirə olunacaq. Əgər konkret detallar razılaşdırılsa, liderlərin görüşü yaxın aylarda reallaşa bilər. Bu görüş baş tutsa, Rusiyadan kənarda keçiriləcək”.
Politoloqun sözlərinə görə, Paris görüşündə danışıqların davam etdirilməsi razılaşdırılsa da, konkret detalların müəyyən edilməsi istiqamətində müəyyən razılaşma Ermənistan tərəfinin konstruktiv mövqeyindən asılı olacaq:
“Ermənistanın konkret mövqeyi aydın olmasa, liderlərin görüşü payıza qalsa, yay aylarından başlayaraq cəbhədə Azərbaycanın hərbi təzyiqləri artacaq. Ermənistan tərəfi son aylar çalışır ki, Qərblə əlaqələri inkişaf etdirməklə, Azərbaycanın mümkün hərbi təzyiqlərindən Avropanın dəstəyi ilə yayınsın. Əgər Ermənistan tərəfi bu yola əl atacaqsa, Qərb də onu müdafiə etməyəcək. Bu da müharibə ehtimalını gündəmə gətirir”.
Qeyd edək ki, bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında Fransa paytaxtı Parisdə görüş keçiriləcək.