|
ABŞ prezidenti Donald Trampın keçmiş vəkili, "Rusiya məsələsi"nə görə həbsə girməsi dəqiqləşən Maykl Koen Konqress üzvləri qarşısında ifadə verib. Koen Ağ Ev rəhbəri ilə bağlı gözlənilməz açıqlamalar verib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Koen Trampı dələduzluqda və rasizmdə ittiham edib. O deyib ki, indiyədək Tramp onu həm şəxsi, həm də işgüzar məsələlərdə yalan söyləməyə vadar edib:
“Tramp əvvəlcədən Demokratlar partiyasının saytına haker hücumunu bilirdi. Siyasi məsləhətçisi Rocer Stounun “WikiLeaks”in demokratlara aid məktubları nəşr edəcəyi ilə bağlı onu xəbərdar etdiyini şəxsən özüm görmüşdüm. Bu sənədlər Hillari Klintonun kampaniyasına ziyan vuracaqdı. ABŞ prezidenti isə bu məlumatların sızıntısında rolu olduğunu inkar edir”.
Koen bildirib ki, Trampın “Trump Tower”in Moskva tikintisinin 2016-cı ilin yanvarında dayandırılması haqda sözləri də yalandır: “Danışıqlar hələ yarım il də davam etdi. Həmin vaxt Trampın prezidentlik kampaniyası davam edirdi. Ancaq o, qələbəyə inanmadığı üçün ruslarla biznes əlaqələrini davam etdirirdi”.
Vəkil, həmçinin, qeyd edib ki, prezident onu birinci xanım Melaniya Trampa da pornoulduz Stormi Denielslə aldatması ilə bağlı yalan söyləməyə məcbur edib: “Təəssüf edirəm ki, birinci xanımı aldatmışam. Tramp dələduzdur. O, mənə aktrisaya susması üçün ödəniş etməyi tapşırdı”.
Trampı irqçilikdə günahlandıran Koen onun “normal ölkəni qaradərili biri idarə etməz” sözlərini xatırladıb.