|
ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeo Vyetnamda keçirilən sammitlə bağlı açıqlama veriblər.
Axar.az xəbər verir ki, Tramp qarşılarında bir sıra seçimlər olsa da, hələlik bunların heç birindən istifadə etməməyə qərar verdiklərini bildirib.
“Şimali Koreya ilə bağlı Kim Çen İnlə görüşlərdə son dərəcə konstruktiv danışıqlar aparıldı. Hər hansı bir sənəd imzalamaqla bağlı qərar vermədik, bunun müsbət bir addım olmadığını düşündük. Bəzi seçimlər vardı və bu seçimlərdən heç birini istifadə etmədik. Bəzən masadan uzaqlaşmaq lazım gəlir. Hazırda sanksiyalar hələ də tətbiq edilir. Şimali Koreya sanksiyaların tamamilə aradan qaldırılmasını istədi. İstədiyimiz hər şeyi etmədikləri üçün razılıq əldə edilmədi. İstədiyimiz vəziyyətə gələ biləcəyimizi düşünürəm. Kim Çen mənə söz verdi, nüvə sınaqları keçirməyəcəklərini söylədi”, - Tramp bildirib.
ABŞ Dövlət katibi Mayk Pompeo da Ağ Evin istədiyi nəticəni əldə edə bilmədiyini bildirib:
“Yenə də ümidliyəm, nələr olacağını zaman göstərəcək. İrəliləyişə nail olacağıq. Daha artığını etməkdə qərarlıyıq. Bir az daha yaxşısını edə bilərdik, ancaq birlikdə çalışmaqla bağlı razılaşaraq masadan ayrıldıq”.
Qeyd edək ki, bundan öncə liderlərin görüşünün planlaşdırıldığından daha tez başa çatdığı barədə məlumat yayılıb.