|
Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariya “TBC Bank”ın Müşahidə Şurasının keçmiş sədri və bankın təsisçisi Mamuka Xazaradzeyə təhdid dolu məktub göndərib.
Axar.az xəbər verir ki, bunu parlamentdəki dinləmələr zamanı Xazaradzenin özü deyib. O, dinləmələr zamanı məktubun mətnini yayımlamaqdan imtina edib və məktubda nazirin ona bankın ölkə daxili və xaricində imicini darmadağın edəcəyini yazdığını bildirib. Xazaradze məktubu həmçinin ötənilki prezident seçkisinin ikinci turundan öncə aldığını deyib.
Qeyd edək ki, “TBC Bank” yanvarın əvvəlindən böyük skandalla üz-üzə qalıb. Belə ki, Gürcüstan Baş Prokurorluğu bankın 2008-ci ildə çirkli pulların yuyulmasıyla məşğul olduğunu bildirib. Bundan sonra Gürcüstan Mərkəzi Bankı “TBC Bank”dan Xazaradzeni Müşahidə Şurasının sədrliyindən çıxarmağı tələb edib.
Bank ətrafında yaranan böhran ölkənin siyasi dairələrində ajiotaj yaradıb. Müxalifət Gürcüstan hökumətini biznesə təzyiqdə ittiham edib.
Xazaradze Gürcüstanın ən nüfuzlu şəxslərindən biri sayılır. O, uzun illər İvanişvili ilə birgə hərəkət edib və onunla Mixail Saakaşvili hakimiyyətini yıxmaq üçün ittifaq qurub.