|
Son günlər ölkəmizdə baş verən hadisələrin nə üçün baş verdiyi üzərində ciddi düşünməliyik.
Bu cür terrorun arxasında böyük qüvvələr durur, gülləni atan şəxslər sadəcə fiqurdur.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, bu hadisələr Azərbaycan üzərində qurulan geosiyasi oyunun yekunudur:
“Bu hadisələrin baş verməsi ölkənin öz şəxsiyyətini qəbul etdirmək, dünyada söz sahibi olmasının doğurduğu narahatlığın nəticəsidir. Hansı məzhəbə aid olmasından asılı olmayaraq, bu hadisələrdə nə üçün dindən istifadə edilməsi üzərində düşünməliyik. Bu gün onsuz da Ermənistanla müharibə şəraitindəyik. Onlar da çalışacaqlar ki, bu qüvvələrdən istifadə etsinlər”.
Millət vəkili dövlətin dinə yanaşmasının dəyişməli olduğunu bildirib:
“Azərbaycan müstəqil olana qədər ənənəvi islam var idi. Biz artıq müstəqil dövlətik və dinə yanaşmamız tam fərqli olmalıdır. Dini əhaliyə tanıtmalıyıq. Yaşı 14-dən az olan qızların hicab geyinməyinə yol vermək olmaz. Azərbaycan dövlətinin tanıdığı bir neçə hicab forması olmalıdır. Ölkəyə gələn turist özünün istədiyi hicab formasını geyinə bilər. Lakin vətəndaşlar üçün bir qayda olmalıdır. Türkiyə, İran və Ərəb ölkələrində geyinilən, insanlarda xof yaradan hicab formasının ölkəmizdə geyinilməsinə icazə verilməməlidir. Cəhalətə yol veriləcək məqamlardan əhalini uzaqlaşdırmalıyıq”.
Millət vəkili mediada islam dəyərlərinin təbliğindən də danışıb:
“Ramazan ayı boyunca Azərbaycan televiziyalarının heç birində maarifləndirici veriliş yayımlanmadı. Sonra da deyirik, nə üçün Türkiyə, İranın təsiri altına düşürük. Yerli din adamlarını efirə çıxarmaq lazımdır ki, onlar islamı izah etsinlər. Zorakılığı təbliğ edən dini ayinlərlə bağlı təkcə dövlət deyil, cəmiyyət mübarizə aparmalıdır. Bir şəhərimizdə baş verən hadisənin ölkənin iqtisadi imkanına nə qədər zərər vurduğunu müşahidə etdik. Səmimi şəkildə dindarlarla dialoqa getmək lazımdır. Xarici din adamlarından alınan mesajlar ölkəmizin təhlükəsizliyi üçün ciddi təhdiddir. Bu məsələnin ciddi tərəfləri olduğunu qəbul etməliyik”.