|
Dövlət Neft Şirkətindən "Ölkə.Az" a verilən məlumata əsasən, pandemiya dövründə Türkiyədə mühüm ehtiyac duyulan məhsulların istehsalını artıran “Petkim” neft kimya kompleksinin 2020-ci il üzrə ümumi gəlirində daxili satışların payı 67 faizə çatıb.
Şirkət qlobal bazarlarda baş verən bütün çətinliklərə və məhsul portfelindəki məhsulların orta qiymətinin azalmasına baxmayaraq əməliyyat gəlirliliyini 2019-cu illə müqayisədə 21 faiz artırmağa müvəffəq oldu.
Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə şirkəti olan “Petkim” qlobal pandemiyaya görə üzləşdiyi çətinliklərə və portfelindəki məhsulların qiymətinin dollar ifadəsində orta hesabla 20 faiz azalmasına baxmayaraq, 2020-ci ildə gəlirlərini əvvəlki ilə nisbətən 21 faiz artıraraq 1,9 milyard TL-yə çatdırıb.
“Daxili bazardakı müştərilərimizin tələblərinə üstünlük verdik”
Şirkətdən verilən məlumatda bildirilib ki, 2020-ci ilin əsas maliyyə nəticələrini açıqlayan “Petkim” Türkiyədə pandemiya dövründə əhəmiyyəti artan tibbi ləvazimat, qablaşdırma və gigiyena vasitələri üçün istifadə olunan xammalın istehsalında üstünlüyü daxili bazara verib. 2020-ci ildə satış həcmini 12,1 milyard TL-yə çatdıran “Petkim”in ümumi gəlirində ölkədaxili satışların payı 2019-cu ildəki 60 faizdən 67 faizə qalxıb. Türkiyənin ilk və yeganə inteqrasiya edilmiş neft-kimya müəssisəsi kimi 2020-ci il boyunca daxili sənaye müəssisələrinin tələbatını prioritet kimi qəbul etdiklərini bildirən “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri, “Petkim”in baş direktoru Anar Məmmədov əlavə edib ki, pandemiya dövründə Türkiyənin ehtiyacı olan neft-kimya xammalını problemsiz təmin etmək üçün var gücümüzlə çalışdıq və fasiləsiz istehsalı həyata keçirdik:
“Bu dövrdə bütün dünyada NEZ-lərin istehsalı dayandırmaq, yaxud azaltmaq məcburiyyətində qalması səbəbindən xammal tədarükündə problemlə üzləşən bəzi neft-kimya şirkətləri də istehsalı müəyyən müddətə dayandırmalı oldular. STAR NEZ ilə inteqrasiya şəraitində işləyən “Petkim” isə istehsala ara vermədən xüsusilə ölkədaxili müştərilərin ehtiyaclarını təmin etməyi bacardı. Daxili bazara yönəlməyimiz 2019-cu ildə 662 milyon dollar olan ixracat göstəricilərimizin 2020-ci ildə yarıbayarı azalaraq 363 milyon dollara enməsinə səbəb oldu. Ancaq daxili tələbatı ödəmək üçün fasiləsiz çalışmağımız nəticəsində ümumi satış həcmlərimiz və gəlirliyimiz 2019-cu ilə nisbətən artdı”.
Xalis mənfəət 14 faiz artıb
“Petkim”in əldə edilən maliyyə uğurlarında STAR NEZ ilə inteqrasiyalı istehsalın həyata keçirilməsi ilə yanaşı məhsuldarlıq və rəqəmsallaşma istiqamətində atılan addımların da böyük təsiri olub.
“Faiz və məzənnə riskləri ilə maliyyə vəsaitlərinin düzgün idarə olunması və əməliyyat xərclərinin optimallaşdırılması da əldə etdiyimiz nəticələrə müsbət təsir göstərdi. İstehsal prosesinin təkmilləşdirilməsi və effektiv xidmət proqramlarının icra olunması nəticəsində iş günlərimizin sayı maksimuma çatdı. Bu addımlar 2020-ci ildə xalis mənfəətimizin 14 faiz artaraq 1,1 milyard TL-yə, əməliyyat gəlirliliyimizin isə 1,9 milyard TL-yə çatmasında mühüm rol oynadı”, - deyə, A.Məmmədov vurğulayıb.
2020-ci ildə “Global Lighthouse Network”a Türkiyədən seçilən yeganə şirkət
Rəqəmsal tətbiq və sistemləri vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində 2020-ci ildə Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” şəbəkəsinə Türkiyədən seçilən yeganə şirkət olan “Petkim”, bu gün Sənaye 4.0 texnologiyalarını istehsalatda uğurlu şəkildə tətbiq edən müəssisələr arasında möhkəm qərarlaşıb. 56 illik bilik və təcrübəsi ilə “Petkim” portfelinə daxil olan təxminən 60 növ neft-kimya məhsulu ilə plastik, kimya, qablaşdırma, boru, boya, inşaat, kənd təsərrüfatı, avtomobil, elektrik, elektron, tekstil sektorları ilə yanaşı dərman, yuyucu vasitə, kosmetik məhsullar sektoruna da inamla daxil oldu.