|
Ötən gecə saatlarında VAZ-2106 markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Qiyaslı Orxan Yaşar oğlu Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qəza törədib, sürücü hadisə yerində vəfat edib.
"Report" xəbər verir ki, mərhumun meyiti məhkəmə-tibbi müayinə məqsədi ilə aidiyyəti hüquq mühafizə orqanları tərəfindən Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinin meyitxanasına gətirilib.
Nazirlikdən bildirilib ki, bu gün səhər saatlarında mərhumun yaxın adamları - Sabirabad rayonunun Qaragünə kənd sakinləri birliyin Şirvan şəhər şöbəsinə gələrək meyitin morqa gətirilməsinə aqressiv şəkildə iradlarını bildirib, meyitin müayinə olunmaması tələbi ilə şöbə əməkdaşlarını, xüsusilə də şöbənin rəisi- məhkəmə-tibb eksperti Eldar Məmmədovu təhqiramiz ifadələr və küçə söyüşləri ilə təhqir edərək ona zor tətbiq edib, bədən xəsarəti yetiriblər.
Hadisə zamanı orada iştirak edən Daxili İşlər Nazirliyinin təhqiqatçısı və digər polis əməkdaşlarının köməkliyi ilə aqressiv şəxslər meyitxanadan çıxarılıb və daha ağır hadisələrin baş verməsinin qarşısı alınıb. Hadisəyə hüquqi qiymət verilməsi məqsədi ilə Şirvan şəhər prokurorluğuna müraciət edilib.