|
Mingəçevir şəhər Prokurorluğu törədilən qətllə bağlı məlumat yayıb.
“Qafqazinfo”ya verilən məlumata görə, sentyabrın 10-da saat 21 radələrində Mingəçevir şəhəri ərazisində 1986-cı il təvəllüdlü Mirvari Məmmədovanın bıçaqlanaraq öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin qardaşı 1985-ci il təvəllüdlü Malik Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirvari Məmmədovaya çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Malik Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.