Dünən axşam saat 21:00 radələrində Xətai rayonu, NZS qəsəbəsində 99 RC 980 dövlət nömrə nişanlı, "Honda" markalı avtomobilin sürücüsü dönmə işığı yandırmadığı üçün ərazidə xidmət aparan YPX əməkdaşı tərəfindən saxlanılıb. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirilib ki, saxlanılan zaman sürücü Məlikov Ramin Sayəddin oğlunun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub. Yol polisi əməkdaşı ona qanunun tələblərini izah edən zaman avtomobildə sərnişin qismində əyləşən Əliyev Rəhim Ramil oğlu yol polisinə yaxınlaşaraq mübahisə edib. Daha sonra isə inspektoru vuraraq ərazidən sürücü ilə birlikdə ərazidən qaçmağa cəhd göstərib. YPX əməkdaşı raport yazaraq aidiyyəti üzrə həmin şəxslərin tapılması üçün ərazi polis şöbəsinə müraciət edib. Bu gün isə hər iki şəxs saxlanılıb. Onlar barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü Ramil Məlikov 10, sərnişin Rəhim Əliyev isə 30 gün müddətində inzibati qaydada həbs olunub.