|
Koronavirusa yoluxan xəstələrdən rüşvət almaqda ittiham edilən və barələrində həbs-qətimkan tədbiri seçilən “Yeni klinika”nın direktoru Pərviz Abbasov və FHN-nin Zığ qəsəbəsindəki Modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevin kimliyi maraq doğurub.
“Qafqazinfo” hər iki gənc kadrın bioqrafiyasını təqdim edir.
Pərviz Abbasov 20 mart 1981-ci ildə Şəki şəhərində anadan olub. Orta Təhsilini 1987-1997-ci illərdə fərqlənmə attestatı ilə bitirib.
1997-ci il Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub və 2003-cü ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib. Təhsilini 2005-2008-ci illərdə Azərbaycan Tibb Universitetində, Cərrahi Xəstəliklər Kafedrasında aspirantura və 2012-2014-cü illərdə Türkiyə Cümhuriyyətinin İnönü Universitetində “Fellow doctor” kimi davam etdirib. Bu dövr ərzində Pərviz Abbasov Qaraciyər və böyrək transplantasiyası, piylənmə və metabolik cərrahiyyə sahəsində fəaliyyət göstərib.
2017- 2018-ci illərdə “Caspian İnternational Hospital”ın baş həkimi olub. 2019-cu ildən Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Müşahidə Şurasının üzvüdür. 2020-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Xidmətin Təkmilləşdirilməsi və Ölüm Hallarının təhlili komissiyasının sədridir. 2020-ci ildə “Yeni klinika”nin baş direktoru təyin edilib.
2008-2013-cü illərdə Rusiya, Almaniya və Türkiyədə bir neçə kurs və treyninqlərdə iştirak edib. 2012-ci ildə Elmin İnkişaf Fondunun keçirdiyi elmi işlərin qrant layihələri müsabiqəsinin qalibi olub. 2014-cü ildə AMEA Rəyasət Heyyətinin qərarı ilə Elmi Fəaliyyətinə görə “Fəxri Fərmanla” təltif edilib.
Pərviz Abbasov 2010-cu ildən Azərbaycan Tibb Universitetinin “Cərrahiyyə” ixtisası üzrə Aprobasiya Komissiyasında elmi katib vəzifəsində çalışır. 2008-ci ildən tibb elmləri namizədi, tibb üzrə fəlsəfə doktorudur.
Azərbaycanda Bariatrik və Metabolik Cərrahiyyə əməliyyatı – Gastric Bypass, Biliopancreatic diversion və Ileal transposision əməliyyatlarını icra edən həkimlərdən biridir. 47-dən artıq elmi məqalənin, 3 səmərələşdirici təklifin, 2 ixtiranın müəllifidir.
Pərviz Abbasov Azərbaycan Cərrah və Qastroenteroloqlar Cəmiyyətinin, Türkiyə Cərrahiyyə Dərnəyinin, Türkiyə Hepatopankreatobiliar Cərrahiyyə Dərnəyinin, Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin və Türkiyə Endokrin Cərrahiyyə Dərnəyinin, Rusiya Cərrahlar Cəmiyyətinin, Türkiyə Bariatrik və Metabolik Cərrahiyyə Dərnəyinin, Türkiyə Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür.
Laparoskopik, Mədə və bağırsaq, Yogun bağırsaq, Düz bağırsaq, Qaraciyər, öd yolları və mədəaltı vəzi, Yırtıqların açıq və laparoskopik, öd yolları, aralıq nahiyəsi və həzm traktının plastik və rekonstruktiv cərrahiyyə sahələri üzrə fəaliyyət göstərir.
Ailəlidir iki övladı var.
Fövqəladə Hallar Nazirliyinin Zığdakı Modul Tipli Hospitalının həbs edilən baş həkimi isə İmran Ağayevdir.
İ.Ağayev 1998-2003-cü illərdə Tibb Universitetini bitirib. 2003-2006-cı illərdə çənə cərrahı ixtisası üzrə internatura və kliniki ordinatura keçib.
2002-2009-cu illərdə Dövlət Təcili tibbi yardım xidmətində, 2004-2006-cı illərdə Beynəlxalq Qızıl Xaç Komitəsində stomatoloq kimi işləyib.
2009-cu ildən Mərkəzi Gömrük Hospitalında, 2012-ci ildən “MediStyle Dental” klinikasında stomatoloq vəzifəsində işləyib. 2014-cü ildən “MediStyle Hospital”ın baş həkimi olub.
Stomatologiya kafedrasının assistenti, tibb elmləri namizədi (tibb üzrə fəlsəfə doktoru), Azərbaycan İmplantoloqlar Assossiasiyasının, Avropa Diş İmplantoloqları Assosiasiyasının üzvüdür.
2020-ci ildə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi təyin edilib.
Qeyd edək ki, P. Abbasov və İ. Ağayev koronavirus xəstələrindən rüşvət almaqda ittiham edilir.