|
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən "Yol-xeber.az"a bildirilib ki, son günlərdə DSX əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 12 kiloqram 754 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
May ayının 22-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzüli rayonunun Horadiz qəsəbəsinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən qaçmağa çalışarkən saxlanılıb.
Saxlanılan şəxsin İran vətəndaşı 1978-ci il təvəllüdlü Ziyarəti Cavid Xeyrulla oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 964 qram narkotik vasitə (2950 qram qurudulmuş marixuana və 14 qram 283 ədəd maye şəklində mydrax) aşkar olunaraq götürülüb.
May ayının 24-də DSX-nin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-təhqiqat idarəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 ədəd sahibsiz bağlamanın içərisində 5 kiloqram 480 qram narkotik vasitə (2065 qram marixuana, 1710 qram heroin və 1620 qram metamfetamin) aşkarlanaraq götürülüb.
Növbəti gün DSX-in Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən aşkarlanmış 1 ədəd qara rəngli bağlamanın içərisindən 4 kiloqram 310 qram narkotik vasitə (679 qram heroin, 577 qram metamfetamin, 3054 qram qurudulmuş marixuana) götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.