|
Şəkidə Yol polisinin "saxla" əmrinə tabe olmayan avtomobildə azyaşlının olduğu aşkarlanıb.
Yol-xeber.az xəbər verir ki, İyunun 2-də magistral yolun Şəki rayonu Cumakənd kəndi ərazisindən keçən hissəsində xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları hərəkətdə olan “VAZ-2110” markalı avtomobilin sükanı arxasında azyaşlı olduğunu görüb. Azyaşlı polisin "saxla" tələbinə məhəl qoymayaraq, hərəkətini davam etdirib və kənd arası yola daxil olub.
Bu zaman orada olan bir qrup kənd sakini yol polisi əməkdaşlarına yaxınlaşıb və maşını niyə saxlamaq istədiklərini soruşaraq mübahisə yaradıblar.
Yol Patrul Xidməti əməkdaşları onları nizam-intizama dəvət etsələr də, onlar həmin əraziyə toplaşaraq magistral yolu bağlamağa cəhd göstərib. Cəhdin qarşısı Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən dərhal alınıb və orada olan 7 nəfər Polis Şöbəsinə dəvət edilib.
Onlarla profilaktik söhbət aparılıb, qanunun tələbləri izah edilib. Kənd sakinləri də əməllərindən peşman olduqlarını bildiriblər. Həmçinin, azyaşlıya avtomobili idarə etməyə verən atası Rafiq Nürəddinov və orada yol polisi əməkdaşlarının xidməti fəaliyyətinə mane olan, insanları yolu bağlamağa dair çağırışlar edən İbrahim Hüseynov inzibati məsuliyyətə cəlb olunublar.