|
Xəbər verildiyi kimi, rus sülhməramlılarının komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə Gəncə psixiatrik xəstəxanasından qaçaraq, sülhməramlıların məsuliyyət zonasına keçən və erməni separatçıları tərəfindən girov götürülən Cəmil Babayev geri qaytarılıb, əvəzində isə Azərbaycan iki erməni əsiri verib.
"Yol-xeber.az" axar.az-a istinadən xəbər verir ki, Ermənistana qaytarılan erməni əsirlərin kimliyi açıqlanıb. Onlar Artur Nalbəndyan və Aramais Torozyandır.
Zəruri olaraq qeyd edək ki, hər iki şəxsin Azərbaycanın dekabr ayında keçirdiyi antiterror əməliyyatı nəticəsində yaxalanan və Bakıda məhkəməsi keçirilən terrorçulara aidiyyəti yoxdur.
Onlar 14 iyul 2021-ci ildə, Qaragöl ətrafında (Ermənistanla sərhəddə) Ordumuza əsir düşmüşdülər. Erməni rəsmi mənbələri onların qatı duman səbəbindən azdığını və Azərbaycan sərhədlərinə daxil olduğunu bildirsə də, iyulda qatı duman məsələsi inandırıcı görünmürdü. Eyni zamanda, Azərbaycan da faktla bağlı hər hansı açıqlama verməmişdi.