|
Bakıda hərbi xidmətdə olan iş adamının oğlu avtoşluq edərək bu görüntülərini sosial şəbəkələrdə paylaşıb.
Video “avtosfer.az” saytında yayımlanıb. Araşdırmalar zamanı əməlləri törədən şəxsin Məlikov Əziz Soltanpaşa oğlu olduğu müəyyən edilib. Məlum olub ki, həmin şəxs hərbi xidmətdə ola-ola bu əməlləri törədib. Daha sonra avtoxuliqanlıq əməlini videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. Əziz Məlikovun tanınmış iş adamının oğlu olduğu bildirilir.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə protokol tərtib olunub. Ə.Məlikov hərbi xidmətdə olduğu üçün iş Bakı Hərbi Məhkəməsin göndərilib.
Bununla bağlı Müdafiə Nazirliyindən Ölkə.Az-a bildirilib ki, "N" nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib.
"Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib.
Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycanın qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib".
Qeyd edək ki, Ə.Məlikov törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşıb.