|
“Şollerin arxivi” filmi ilə Azərbaycan, eləcə də, xarici ölkələrdə diqqətləri üzərinə çəkən rejissor Cəlaləddin Qasımov “Yeni Müsavat”ın redaksiyasında qonaq olub. Suallarımıza cavab verən rejissorla söhbətə elə məşhur filmindən başladıq:
- “Şollerin arxivi” filmi necə ərsəyə gəldi?
- Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri özüməm. Yaradıcı heyətdə ikinci rejissor Adil Qulamovdur. Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Film almanlar sürgün edilən zaman azərbaycanlı ailəsinə bələkdə verilən uşağın həyatından bəhs edir. O vaxt almanlara kim kömək etsəydi, həmin adamı Azərbaycanda cəza gözləyirdi. Odur ki, həmin bələkdəki uşağı azərbaycanlı ailə gizli götürüb saxlayıb. Sonra da 1945-ci ildə Şoller nəvəsinin dalınca gəlib. Əslində, atamın həyatına ekran həyatı vermişəm. Kinoda baş verənləri atam yaşayıb, baş rola da onu çəkmişəm. Ekran işində Əjdər Zeynalov, Şirzad Pirallahı, Sabir Məmmədov, Rövşən Kərimduxt, Ramiz Vəliyev rol alıb. Rasim Balayev də dublyajda iştirak edib. Bütün xərcləri özüm çəkmişəm, film isə tam istədiyim kimi alındı.
- Ekran işi xarici ölkələrdə maraqla qarşılanıb, 12 festivala dəvət alıb. Azərbaycanda necə istədiyiniz diqqəti gördü?
- Ölkəmizdə də maraqla qarşılandı, möhtəşəm qala gecəsi keçirildi. Xarici ölkələrdə də bir çox festivalda iştirak edib, önəmli yer tutub. “Şollerin arxivi” Los Angeles CineFest (ABŞ), Genre Celebration Festival (Yaponiya), AltFF Alternative Film Festival (Kanada), Straight Jacket Guerilla Film Festival (Böyük Britaniya), Social Machinery Film Festival (İtaliya), 27 Chichester International Film Festival (Böyük Britaniya), Canada’s Yes! Let’s Make a Movie Film Festival (Kanada), Accolade Global Film Competition (ABŞ), European Cinematography AWARDS (Polşa), Move Me Productions Belgium - Film Festival (Belçika), Lakecity İnternational Film Festival (Hindistan), Global Nonviolent Film Festival (ABŞ) kimi festivallarda iştirak edib. “Şollerin arxivi” filmi 3 kubok alıb və 8 nominasiya üzrə diplomla təltif edilib. Amma gedə bilmədiyim üçün heç bir kuboku əldə edə bilməmişəm. Kubokun birini Hindistan səfirliyinə göndərəcəklər.
Digər filmim “Edam günü” isə Barcelona Planet Film Festival, Capital Filmmakers Festival Madrid və Los Angeles CineFest-də nominantlar arasında yer alıb.
Əsasən, bizə filmlə bağlı İngiltərə və Kanadadan dəvət gəlir. Elə festivallar var ki, büdcəsi çox azdır, amma film onlara o qədər təsir edib ki, bizi dəvət ediblər. Filmin son qələbəsi Hindistanda oldu və hazırda filmi Hindistanda yaymaq üçün müqavilə hazırlayır. İngiltərədə festivalda filmimiz iştirak edir, maddi çətinliyə görə özüm gedə bilmədim. Bir neçə yerə müraciət etsəm də, mənə yardım edən olmadı..
- Ekran işində alman-Azərbaycan münasibətlərinin sıx olmasından, almanların sürgün edilməsində erməni izindən də bəhs edilir.
- Ermənilərin təşəbbüsü ilə almanlar ölkədən sürgün edilib, onların evlərinə də ermənilər yerləşdirilib. Biz yaşadığımız evi də ermənidən almışıq. Ermənilər 3 dəfə almanlara qarşı terror aktı törədiblər. Bunların hamısını araşdırmışam.
Birinci fakt odur ki, almanlar 1818-ci ildə Azərbaycana gəlir, pambıqçılığı, tütünçülüyü, baramaçılığı yayıblar. Sonra məhsul az gətirdiyi üçün şərabçılığa keçiblər. Şərab sahəsində böyük irəliləyiş əldə ediblər və dünya bazarına çıxıblar. Qafqazda da ermənilər bu işlə məşğul idilər, işləri dayandığı üçün Xanlara və Şəmkirdə yaşayan almanlara basqın təşkil ediblər. Bunlar hamısı arxivdə var.
İkinci fakt isə birinci dünya müharibəsində ermənilər çar ordusuna qoşularaq türklərə qarşı döyüşüb. Ruslarla türklər barışandan sonra almanlar Volqa boyundan sürgün olunur. Yalnız Azərbaycanda qalırlar. Rəfiyev qardaşları Qafqaz çarının yanına gedərək almanlara zamin durur. Beləliklə, almanlar ölkəmizdən köçmür. Ermənilər o zaman da ayağa qalxır ki, almanlar getməlidir və biz onların evinə yerləşməliyik.
Üçüncü fakt barədə daha öncə mediada açıqlama vermişəm. Sovet hökuməti qurulandan sonra almanlardan 30 min xərac istəyib, verməyənləri qətlə yetiriblər. Ötən ildən başlayaraq almanların Azərbaycana gəlişinin 200 illiyi qeyd olunmağa başlayıb. Ermənilər isə bunu fərqli yerə yozaraq, azərbaycanlıların almanları kütləvi şəkildə qətlə yetirdiyi üçün bayram etdiyini iddia ediblər. Mən isə bununla bağlı araşdırma apardım, həqiqəti üzə çıxardım. Avropanın önəmli media orqanlarına açıqlamalar verdim.
- Almanların ölkəmizdə inkişaf etdirdiyi sahələr ilə bağlı da sizin araşdırmanız var. Ölkəmizdə qalmaqlarının hansı müsbət təsirləri olacaqdı?
- 1939-cu ilin siyahıya alınmasında göstərilirdi ki, ölkəmizdə yaşayan almanların sayı 23 min nəfərdir. Almanlar o zaman Tovuzu Traubenfeld adlandırırdı. Onların Tovuza gətirdiyi meyvə və üzüm ağacları bu gün də əhali arasında sevilir. Almanlar Tovuzda 8 küçə salmışdı. Tovuzda futbol məktəbi də yaratmışdılar. Onların “Roto-fam” komandası ilə yerli komanda arasında yarışlar keçirilirdi.
Almanlar Tovuzda 30 metr dərinlikdə zirzəmisi olan şərab zavodu inşa etmişdi. Onlar həmin zirzəminin torpağından dam örtüyü və kərpic istehsal edən zavod və evlər tikmişdi.
Azərbaycana cins mal-qaranı da ilk olaraq almanlar gətirmişdi. Sənaye üsulu ilə ilk yağ-pendir istehsalı zavodunu da onlar Şəmkirdə tikmişdi. Tovuzda Axıncı çayı üzərində qurulmuş ilk SES də almanların adı ilə bağlıdır.
Təhsil sahəsinə ciddi fikir verən alman kolonistləri yaşadığı ərazilərdə öz övladları üçün məktəblər tikmişdi; sovet dövründə burada orta ixtisas təhsil ocağı da açılmışdı. Ali təhsil almaq istəyənlər isə respublikanın paytaxtında yerləşən təhsil ocaqlarına üz tuturdu. Bunlar önəmli faktlardır.
- Tarixi filmlərdə və seriallarda tarix saxtalaşdırılır və ya hər hansı dəyişiklik edilir. Bu isə həm bir çoxları tərəfindən müzakirə olunur, həm tənqid edilir. Bir tarixçi kimi bu məsələyə münasibətiniz necədir?
- Bu cür hallarla çox rastlaşıram. Bəzən elə kobud səhv edilir ki, bu bizim əleyhimizə istifadə olunur. Insanlara tarix düzgün çatdırılmalıdır. “Şollerin arxivi” filmində biz tarixi faktlara əsaslanmışıq.
- Vahid Mustafayevin ekran həyatı verdiyi “Qanlı Yanvar” filmi də tənqid olunan tarixi filmlər arasındadır. Əsasən də ekran işində Larisanın gənc qız kimi təqdim edilməsi və zorlanması insanların qəzəblənməsinə səbəb oldu.
- O filmə baxmışam. Həmin hadisələrdə meydanda olmuşam, bizim əlimizdə silah olmayıb, əli-ayağı yalın xalq olaraq çöllərə çıxmışıq. Amma filmdə postda silah paylayırlar. Bu məni kədərləndirdi. Biz sözügedən hadisələrlə bağlı rusları mühakimə edirik. Sabah ruslar bizim qarşımıza filmi qoyar ki, baxın, siz çəkmisiniz, biz silahlı camaatı sakitləşdirmək üçün hücum etmişik.
- Türkiyədən gələn komandanın milli qəhrəman Mübariz İbrahimovun həyatı ilə bağlı film çəkmək istədikləri barədə məlumatlar yayılıb. Hətta, Mübariz obrazını türkiyəli aktyorun oynayacağı deyilirdi. Azərbaycanlı qəhrəmanı bizim aktyorumuzun canlandırmayacağı xəbəri də birmənalı qarşılanmadı. İddia olundu ki, türkiyəli aktyor bizim acını və qəhrəmanı daha yaxşı duymaz.
- Türkiyənin bir çox telekanalında Mübarizlə bağlı verilişlər hazırlanıb. Film və seriallarında onun qəhrəmanlığından bəhs edilib. Hansı ölkənin çəkməsindən asılı olmayaraq gözəl təşəbbüsdür. Türkiyəli komanda, əlbəttə, baş rolda öz aktyorunu oynadacaq. Bu normaldır. 5 il öncə Mübariz İbrahimov haqqında ssenari yazmağımı istədilər. 70 ssenari arasından mənim ssenarim seçilmişdi. Dedilər ki, çəkilişlər başlayıb. Amma sonra xəbər çıxmadı. Mübariz haqqında kim film çəksə, halal olsun.
- Hazır əlinizdə ssenari var, bəlkə, özünüz çəkəsiniz?
- Büdcəsi çoxdur, mənim onu çəkməyə gücüm çatmaz. Bəlkə də, gələcəkdə Mübariz İbrahimov barədə film çəkərəm. Amma hazırda belə bir planım yoxdur.
- İbad Hüseynli ilə bağlı çəkilən filmin ssenarisi sizə məxsusdur. Onunla bağlı çəkilən ilk film çox tənqid olundu, qəhrəmanlığının şişirdildiyi iddia olundu.
- İkinci film tam tarixə əsaslanır. Onun ömür yolunu araşdırmışam. Onun erməni komandiri Monte Melkonyanı öldürməsi ilə bağlı deyilənlər sosial şəbəkədə müzakirə olundu. İbadın qəhrəmanlığı danılmazdır. Mənim çəkdiyim film üzərində iş gedir, tezliklə təqdim olunacaq.
- Komediya filmlərinə maraq çox olduğu üçün son illər daha çox bu janrda filmlər çəkilir. İzləyirsinizmi?
- İzləyirəm. Yüngül komediyalar gənclərin əxlaqına, mənəviyyatına təsir edir. Hindistanda əhalinin 10 faizi təhsil alır, qalanı filmlərdən maariflənir. Bizdə tam əksinədir, filmlər insanların əxlaqını pozur.
- Yerli filmlərdə söyüşlərdən, vulqar sözlərdən çox istifadə olunur. Tənqid olunan zaman isə “Azərbaycanlı tamaşaçı xarici filmlərdə o sözləri normal qarşılayır, biz istifadə edəndə niyə tənqid edirlər?” deyə özlərinə haqq qazandırırlar.
- Uzağa getməyək, Türkiyədə vətənə, millətə, bayrağa, xalqa aid filmlər çəkilir, insanlar maariflənir, nələrisə öyrənir. İnsanlara sevgi hissini aşılayırlar. Insanların əxlaqını pozan filmləri kinoteatrdan çıxartmaq lazımdır.
- Bir neçə rejissor narazılıq etdi ki, kinoteatrlar filmi nümayiş etdirmək üçün biletdən gələn gəlirin böyük hissəsini tələb edir. Siz bu cür problemlə qarşılaşmısınız?
- Mən filmlərimi Azərbaycan kinoteatrı üçün nəzərdə tutmamışam. Bizim kinoteatrlara şit komediya lazımdır. Filmim Amerikada kinoteatrda nümayiş olunacaq. Yaponiyada Genre Celebration Festival vasitəsilə kinoteatrlarda səhnələşdiriləcək. İngiltərədə sentyabrda və həmçinin İtaliya kinoteatrlarında da səhnələşdiriləcək. Dünya film bazarından isə Vimeo, Amazon və UDU Digital-da da yerləşdirilib.
Könül İbrahim,
Fotolar: Elçin Əkbərov
Musavat.com