|
Soyuq havada mühərriki qızdırmağa ehtiyac varmı
Avtomobillər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Mühərrikli nəqliyyat vasitələri insanların uzun məsafələri qət etməsi üçün ən optimal köməkçilərdir. Buna görə hər kəs istəyir ki, onun avtomobili uzunömürlü olsun. Sürücülərin bu istiqamətdə biliklərə malik olması vacib amildir. AutoCity.az saytı olaraq oxucularımızın avtomobil sahəsində mütəmadi maariflənməsi əsas prioritet istiqamətlərimizdəndir.
Bu gün araşdırdığımız mövzu isə uzun müddət dayandıqdan sonra avtomobili hərəkət etdirmədən öncə mühərrikin qızdırılmasının doğru olub-olmamasıdır.
Təzadlı fikirlər…
Sözügedən istiqamətdə internetdə araşdırma aparan zaman tamamilə ziddiyyətli fikirlərlə qarşılaşdıq və qərara aldıq ki, mövzunu bu işlə birbaşa bağlı olan şəxslər, bu sahənin peşəkarları ilə müzakirə edərək yekun nəticəyə gələk.
Öncə bir neçə sürücü ilə söhbətləşdik. Əksəriyyət uzun müddət işləməyən soyuq mühərriki qızdırandan sonra avtomobili hərəkət etdirdiyini, belə vəziyyətdə heç bir problemlə rastlaşmadıqlarını bildirdilər. Ancaq bir neçə sürücü yay aylarında mühərriki qızdırmadan avtomobillərini hərəkət etdirdiklərini dedilər. Onlardan çoxunun bu səbəbdən, hələ ki, problemlə qarşılaşmadığı, bəzilərinin avtomobilinin mühərrikindən uzun zamandan sonra səslər gəldiyi, birinin isə motoru təmir etdirdiyi məlum oldu.
“Soyuqda avtomobili qızdırmamaq üçün 3 səbəb” adlı məqalə…
Uzun illər avtomobil sahəsində radio verilişinin aparıcısı, bu sahənin eksperti, “AvtoStop Media” MMC-nın rəhbəri Tural Yusifov özünün Avtostop.tv saytında yayımladığı “Soyuqda avtomobili qızdırmamaq üçün 3 səbəb” adlı məqaləsində əslində yola düşməzdən öncə maşının mühərrikini yerində qızdırmağın əksinə, ziyanlı olduğunu vurğulayıb. O, bunun üçün 3 səbəb göstərərək yekunda belə nəticəyə gəlib: “Avtomobilin xaricinə əl gəzdirərkən mühərriki işə salmayın. Şüşələri silin, nömrəni təmizləyin, itin-pişiyin maşınınızın altında gizlənmədiyinə əmin olun, bundan sonra mühərriki işə salın, əyləci basın və sürət qutusunu 1-ə keçirin (avtomat sürətlər qutusudursa “D”-yə keçirin). Bütün bu proseduralar həmin hissələrdəki yağları da hərəkətə gətirəcək, yəni onlar da qızmağa başlayacaq. Sürməyə başlamazdan öncə, ayağınızı əyləcdən çəkmədən ilk olaraq isti hava vuran cihazı deyil, şüşə qızdırıcılarını işə salın. Yoxdursa, daha nə etmək olar, isti havavuranı tam aşağı sürət rejimində işə salın. İsti havanı şüşəyə istiqamətləndirin. Bu zaman generatora elektrik yükü düşəcək və motor boş işləməyəcək, o, generator rolunu oynamağa başlayacaq. Avtomobilin şüşəsi donubsa, bu şüşənin açılıb-bağlanmasına da təsir göstərəcək. Onun ardınca sükanı sağa və sola fırladın. Bu zaman hidrogücləndiricilərdə olan yağı hərəkətə gətirəcəksiniz. Vəssalam, avtomobil yola hazırdır. Lakin unutmaq olmaz, hərəkətə ehmalca başlamaq lazımdır. Çünki yüksək dövrülülüyə malik qaz verib getmək sizin avtomobilinizə ziyandır. Axı, maşınınızın mühərrikinin güclü olmasını nümayiş etdirməyə nə ehtiyac var?!
Mühərrik və sürət qutusu qızmağa başlasa da, asqının rezin elementləri, amortizatorlar və kuzov nahamar yollarda daha böyük narahatlıqlar yaşayır. Əlbəttə, bunun məntiqi izahı da var: təsəvvür edin, sizi yuxudan oyadırlar və dərhal, özü də şaxtada 100 metrlik məsafəni yüksək sürətlə qaçmağı əmr edirlər. Bu, bir neçə km məsafə avtomobilin adaptasiyası ilə bağlıdır. Mütləq bir neçə dəqiqədən sonra avtomobil sizin əmrlərinizə adekvat cavab verəcəkdir”.
Usta: “Motoru qızdırmadan avtomobili hərəkət etdirdikdə gec də olsa, mühərrik sıradan çıxacaq”
Xarici avtomobillərin mühərrik ustası Sübhan Əliyev isə AutoCity.az-a soyuq motorla hərəkət etdirilən avtomobilin mühərriyində gec də olsa, problem yaranacağını bildirdi: “Sovet istehsalı avtomobillərin yağları qatı olur. Qatı yağın durulaşması və mühərrikdəki kanallara gedib çatması üçün motoru qızdırmaq vacib şərtdir. Ancaq müasir avtomobillərdə bu sistem fərqlidir. Buna baxmayaraq, yenə də avtomobilin mühərrikini qızdırmaq lazımdır. Çünki motoru qızdırmadan avtomobili hərəkət etdirdikdə mühərrikin içindəki detalları yağ tam əhatə etmədiyi üçün aşınma baş verəcək. Bu proses tez zamanda özünü göstərmir. Bəlkə, bir il də mühərriki qızdırmadan avtomobili hərəkət etdirsəniz, fəsadı hiss edilməyəcək. Ancaq aşınma baş verəcək və son nəticədə gec də olsa, mühərrik sıradan çıxacaq. Həm də qeyd edim ki, mühərrikin poladdan hazırlanan detalları isti halda daha yumşaq olur və rahat hərəkət edir”.
Dizel yanacağı ilə işləyən avtomobillərin mühərrikinin gec qızdığını qeyd edən usta, belə motorları benzinlə işləyənlərə nisbətən çox qızdırmaq lazım olduğunu vurğuladı. Onun sözlərinə görə, benzinlə işləyən mühərriklər ən azı 20 dərəcəyədək qızdırılmalıdır: “Avtomobildə problem yoxdursa, bu, 3-4 dəqiqə vaxt aparacaq. Yay aylarında qış aylarına nisbətən mühərrik daha tez qızır. Çünki qışda yağ daha da qatılaşır
S.Əliyev əlavə etdi ki, xarici avtomobillərdə motoru işə salanda “avtopasos” mühərrikin dövrlər sayını yuxarı saxlayır və 30 saniyə – 1 dəqiqəyə yanacağın verilişi bərpa olunandan sonra aşağı düşür. Bunun yağın qızmağı ilə heç bir əlaqəsi yoxdur.
Professor: “Avtomobil ustaları arasında yanlış fikir formalaşıb”
Mütəxəssislər arasında təzadlı fikirlər olduğuna görə, mövzu ilə bağlı Azərbaycan Texniki Universitetinin Avtomobil texnikası kafedrasına müraciət etdik. Kafedra müdiri, texnika elmləri doktoru, professor Ziyafət Kərimov AutoCity.az saytına avtomobilin soyuq və qızdırılmış mühərriklə hərəkəti zamanı motorda baş verən proseslər haqda geniş məlumat verdi: “Avtomobil ustaları arasında yanlış fikir formalaşıb. Deyirlər ki, guya ancaq köhnə, karbüratorlu avtomobillərin mühərrikini qızdırmaq lazımdır. Onsuz da onları qızdırmasan, avtomobil hərəkət etmir, qaz verdikcə mühərrik sönmək istəyir. Motor qızandan sonra isə normal işləməyə başlayır. Müasir, injektorlu, sorma borusuna benzin püskürməli mühərrikli avtomobillərdə isə elektron idarəetmənin hesabına o nöqsan aradan qaldırılıb. Yəni, soyuq mühərriki işə salan kimi avtomobili hərəkət etdirmək olur. Avtoservislərdəki bir çox ustalar deyirlər ki, guya belə avtomobili yerində saxlayıb mühərriki qızdırmaq, hətta zərərlidir. Bu, tamamilə yanlış fikirdir. Müasir elektron idarəetmə sistemləri soyuq motorla hərəkətə imkan verirsə, bu, o demək deyil ki, belə də etmək lazımdır. Bu sistem sadəcə əlavə imkan yaradır ki, təcili getmək istəyən insanlar dərhal avtomobili hərəkətə gətirə bilsinlər”.
“Soyuq mühərrikdə çətin sürtünən mühit əmələ gəlir”
Soyuq mühərriklə avtomobili hərəkətə gətirən zaman ilk növbədə, yağlama sisteminin öz işini yerinə yetirə bilmədiyini deyən professor prosesi belə izah etdi: “Mühərrikdə kiçik ara boşluqları var. Uzun müddət dayanan avtomobilin mühərrikində yağlar dirsəkli valın fırlanan boyunlarında, əsas boyunlarında (Bəzən ona ana boyunları da deyirlər), şatun boyunlarında, şatunun içərisində porşen barmağında və s. yerlərdəki nazik kanallardan süzülüb karterin içinə tökülür. Soyuq havada isə yağ bir az da donur və yağlama keyfiyyətini itirir. Orada çətin sürtünən mühit əmələ gəlir. Mühərriki işə salan kimi avtomobili yerindən götürəndə yağlama sistemi hələ normal funksiyaya başlamamış olur. Əslində isə yağ müəyyən qədər qızmalı, keyfiyyətini bərpa etməli, müəyyən yerlərə, kanallara, ara boşluqlarına, sürtünən cütlərin arasına çatmalıdır. İndi sintetik yağlar o qədər də keyfiyyətini itirmir. Ancaq normal yağlanma mütləq lazımdır. Mühərriki qızdırmadan avtomobilə qaz verib hərəkət etdirəndə motor böyük yüklərə məruz qalır. Hərəkətdə olan avtomobilin mühərrikində yüzlərlə kiloqram, bəzən min kiloqrama çatan qüvvələr əmələ gəlir. Normal yağlanma olmayıbsa, sürtünən cütlərin səthləri böyük aşınmaya məruz qalır. Ona görə onlarda yeyilmə baş verir. Bu zaman mühərrikin ömrü qısalır”.
“Hətta yayda belə mühərrik yerində heç olmasa, 2-3 dəqiqə işləməlidir”
Z.Kərimov qeyd etdi ki, hərəkətdən öncə mühərriki mütləq yerində bir neçə dəqiqə qızdırmaq lazımdır: “Hətta yayda isti havada belə mühərrik yerində heç olmasa, 2-3 dəqiqə işləməlidir ki, yağ lazımi yerlərə çata bilsin. Avtomobil yerində dayanarkən mühərrik işləyəndə həm dövrlər sayı, ətalət qüvvələri az, həm də qazların təzyiqi aşağı olur. Bu o deməkdir ki, sürtünən səthlər böyük yüklərə məruz qalmır. Qışda isə mühərrikin qızdırılma vaxtı motorun həcmi, soyutma sistemi, havanın temperaturu nəzərə alınaraq müəyyənləşdirilməlidir. Köhnə avtomobillərdə cihazlar lövləsində mayenin temperaturunu göstərən şkala var idi. Soyuducu mayenin – antifrizin temperaturu müəyyən qədər qalxıbsa, heç olmasa 40-50 dərəcəyə çatıbsa, hərəkət etmək olar. Normal hərəkət şəraitdə isə istilik 90-95 dərəcə olur”.
“Soyuq mühərriklə avtomobili hərəkət etdirəndə göstəricilər daha da pisləşir”
Avtomobil texnikası kafedrasının müdiri bildirdi ki, müasir avtomobillərdə hər şeyi elektronik cihazlar tənzimləyir: “Karbüratorlu avtomobillərdə “pasos” əl ilə çəkilir, mühərrik qızdıqca yavaş-yavaş buraxılır. Müasir avtomobillərdə isə bu sistem elektron quraşdırılıb. Ümumiyyətlə, “pasos” rejimində işləyəndə mühərrikin həm yanacaq qənaəti, həm də ekoloji göstəriciləri pisləşir. Soyuq mühərriki işlətmək üçün ya əl “pasos” u, ya da “avtopasos”la yanacaq verilişi artırılır. Deməli, lazım olduğundan çox yanacaq sərf olunur. Bu da xaric qazların tərkibinə mənfi təsir göstərir. Soyuq mühərriklə avtomobili hərəkət etdirəndə isə motora daha çox yük düşdüyü üçün bu göstəricilər daha da pisləşir”.
Nəticə…
AutoCity.az saytı olaraq bütün tərəflərin fikirlərinə hörmətlə yanaşırıq. Mütəxəssislərin fikirlərini dinlədikdən və internetdə apardığımız araşdırmadan sonra belə qərara gəlirik ki, hazırda sintetik yağlar soyuq mühitə dözümlü olaraq keyfiyyətini itirmədiyi üçün yağın qızması deyil, mühərrikin yağlanması əsas məqamlardandır ki, bunun üçün də cəmi 1 -1,5 dəqiqə motoru yerində çalışdırmaq bəs edər. Bu vaxt da sürücünün təhlükəsizlik kərmərini bağlaması, güzgüləri nəzərdən keçirməsi və s. digər zəruri hərəkətlərə sərf olunur. Belə halda həm ekologiyaya, həm də mühərrikə dəyən ziyanın qarşısı maksimum alına bilər.
Elgün Vidadioğlu
Autocity.az