Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrasını davam etdirir. Bu dəfə paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Nəsimi rayonu Asif Məhərrəmov küçəsi əsaslı şəkildə yenidən qurulub.

 

Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən asfalt-beton örtükdə deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkət intensivliyinə mənfi təsir göstərirdi. Küçənin yenidən qurulması ilə bu problem geridə qalıb.

 

Əsaslı şəkildə yenidən qurulan Asif Məhərrəmov küçəsinin uzunluğu 1.1 km, eni isə ortalama 20 m təşkil edir (hər istiqamət üzrə 10 m).   

 

Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 6 min kv.m mövcud piyada səkiləri bərpa olunub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçə boyu 3872 p-metr yeni səki daşının düzülməsi işləri aparılıb, ayrıcı zolaq asfaltlanıb.

 

Bundan başqa yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı 20 min kv.m-dən çox sahədə frezlənərək kənara daşınıb. Küçə boyu su və qaz xətləri aidiyyəti qurumlar tərəfindən yenilənib. Bunun ardınca zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılıb. Belə ki, yol örtüyünün alt və üst layı iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Asfaltlanma işləri 22.5 min kv.m sahəni əhatə edib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq, yeni asfalt-beton örtüyü döşənəndən sonra, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq  Asif Məhərrəmov küçəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

 
 

Xəbər lenti